Bakı. Trend:
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı keçirilib. Tədbir çərçivəsində I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib.
Tədbir Azərbaycanda ənənəvi olaraq qeyd olunan Milli Musiqi Günündə keçirilib. Konsertdən əvvəl qonaqlar I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Konsert proqramında Türk dünyası bəstəkarlarının əsərləri Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənib. Solistlər Macarıstanlı skripkaçı Şandor Laslo, fleyta ifaçısı Nicat Salmanov və qoboy ifaçısı Əlim Sadıqov olublar.
Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Şandor Laslonun, Rövşən Nepesovun, Aktoty Raimkulovanın, Özge Gülbeyin, Muratbek Beqalyevin və Rüstəm Abdullayevin əsərləri tamaşaçılar, I Türk Dünyası Bəstəkarları Qurultayının iştirakçıları və müxtəlif ölkələrdən gələn qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
ICTM yanında Türk Dünyasının musiqi və rəqsinin öyrənilməsi üzrə işçi qrupunun sədri, İstanbul Universiteti Dövlət Konservatoriyasının musiqişünaslıq kafedrasının professoru Abdullah Akat Azərbaycan xalqını Milli Musiqi Günü münasibətilə təbrik edib.
“Üzeyir Hacıbəyli bizim mədəniyyətimizin ulduzudur. Məhz Üzeyir Hacıbəyliyə və ondan sonra gələn böyük bəstəkarlara borcluyuq ki, musiqimiz yalnız Türk dünyasında deyil, bütün dünyada səslənir və əks-səda doğurur.
Buna görə də onun şərəfinə təşkil olunan festivalda Bakıda olmaq, onu burada yad etmək və eyni zamanda bu günlərdə həyata keçirilən çox mühüm işin bir hissəsi olmaq bizim üçün böyük şərəfdir. Biz çox ruh yüksəkliyi içindəyik, çünki yaxın günlərdə Türk Dünyası Bəstəkarlar İttifaqının yaradıldığını elan edəcəyik. Biz Üzeyir Hacıbəylinin adına layiq olan, onun irsini qoruyub saxlaya və davam etdirə biləcək tədbirlər keçirmək və layihələr həyata keçirmək istəyirik”, – deyə o qeyd edib.
Macarıstanlı bəstəkar və skripkaçı Şandor Laslo Qurultayın və klassik musiqi festivalının keçirilməsini yüksək qiymətləndirib. O, konsertdə özünün “Transilvaniya rəqsi” əsərində solo partiyanı ifa edib.
“Macarıstanda həmkarlarım, əsasən instrumentalist musiqiçilər var. Onlar azərbaycanlı musiqiçilərlə yaxşı münasibətlər saxlayırlar və mənə bura gəlməyi tövsiyə etdilər. Maraqlıdır ki, biz macarlar da “qurultay” sözünü bilirik, çünki Macarıstanda da öz qurultayımız var. Lakin bu, bəstəkarların və musiqişünasların görüşü deyil, atlıların və atlı oxatanların toplantısıdır. Mən də at üstündə oxatma ilə məşğulam. Buna görə də bu sözü ilk dəfə məhz atlı kimi, bəstəkar kimi deyil, eşitmişəm. Bu festivala hazırlaşarkən Üzeyir Hacıbəylinin bəzi əsərlərini dinlədim. Və onun Azərbaycan mədəniyyətindəki rolu ilə, ola bilsin ki, bəstəkarımız Laslo Laytanın Macarıstan mədəniyyətindəki rolu və ya, məsələn, Eneskunun Rumıniya mədəniyyətindəki rolu arasında müəyyən oxşarlıq olduğunu gördüm”, – deyə o qeyd edib.
Qeyd edək ki, I Türk Dünyası Bəstəkarları Qurultayı sentyabrın 18-dən 20-dək Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir. Qurultayı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu Bakıdakı ICESCO Regional Ofisinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Milli Konservatoriyasının iştirakı ilə birgə təşkil edir.
Qurultay I Türkoloji Qurultayın 100 illiyinə, Nizami Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunub. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edirlər.
Zəngin proqram görüşləri, elmi müzakirələri və musiqi tədbirlərini əhatə edir. Üç gün ərzində iclaslar, beynəlxalq dəyirmi masa, tematik sərgilər, həmçinin simfonik, kamera və ənənəvi musiqi konsertləri keçirilir.
Qurultayın əsas nəticələrindən biri Türk Dünyası Bəstəkarlar İttifaqının – Turkic Union of Composers (TUC) yaradılması olacaq. İttifaq Türk dünyasının bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini birləşdirəcək.
Sentyabrın 19-da Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında Türk Dünyası Bəstəkarlar İttifaqının ilk rəsmi iclası keçiriləcək. İclas çərçivəsində TUC-un yaradılması haqqında Bakı Bəyannaməsinin imzalanması, həmçinin yeni beynəlxalq peşəkar platformanın nizamnamə layihəsinin müzakirəsi planlaşdırılır.
İttifaqın yaradılması Türk dünyası ölkələrinin musiqi təşkilatları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. Ümumi musiqi irsinin qorunması və inkişaf etdirilməsi, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsi, yaradıcılıq mübadiləsinin təşviqi və Türk dünyası musiqisinin beynəlxalq arenada təbliği xüsusi diqqət mərkəzində olacaq.





























