Bakı.Trend:
Azərbaycanda 2026-cı il bərpa olunan enerjinin inkişafı baxımından ən diqqətçəkən dövrlərdən birinə çevrilir. Yeni günəş və külək elektrik stansiyalarının istismara verilməsi, enerji saxlanc sistemlərinin yaradılması, şəbəkə infrastrukturunun modernləşdirilməsi və beynəlxalq investorlarla əməkdaşlığın genişləndirilməsi göstərir ki, Bərpa Olunan Enerji Mənbələrinin (BOEM) inkişafı tədricən ayrı-ayrı layihələr çərçivəsindən çıxaraq ölkənin enerji sisteminin daha genişmiqyaslı transformasiyasının bir hissəsinə çevrilir.
Bu istiqamətdə növbəti addım sentyabrın 16-da Bakının Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışı olub. Layihə bazar üçün xüsusi əhəmiyyət daşıyır, çünki Azərbaycanda hərrac yolu ilə həyata keçirilən ilk BOEM layihəsi, eləcə də "Universal Energy" şirkətinin ölkədə reallaşdırdığı ilk layihədir.
300,77 hektar ərazini əhatə edən torpaq sahəsi 2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Qaradağ rayonunun Pirşağı qəsəbəsində bərpa olunan enerji obyektinin tikintisi üçün nəzərdə tutulan ərazi kimi müəyyən edilib. 2024-cü ildə keçirilmiş hərracın nəticələrinə əsasən, layihənin həyata keçirilməsi hüququ Çinin "Universal International Holdings Limited" şirkətinə verilib.
Elektrik stansiyası layihə gücünə çatdıqdan sonra ildə təxminən 200 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu, ildə təxminən 45 milyon kubmetr təbii qaza qənaət etməyə və karbon qazı emissiyalarını təxminən 97 min ton azaltmağa imkan verəcək.
Bununla yanaşı, “Qobustan” 2026-cı il ərzində sürətlənən daha genişmiqyaslı proqramın elementlərindən yalnız biridir.
2026-cı il genişmiqyaslı inkişaf mərhələsi kimi
İlin əvvəli Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş, ölkənin ən iri külək enerjisi obyektlərindən biri olan 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ilə əlamətdar olub. Stansiyanın illik elektrik enerjisi istehsalının təxminən 1 milyard kVt/saat olacağı nəzərdə tutulur. Gözlənilir ki, stansiyanın istismarı ildə təxminən 220 milyon kubmetr təbii qaza qənaət etməyə və 400 min tondan çox karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək.
Beləliklə, Azərbaycanda bərpa olunan enerjinin inkişafı getdikcə yalnız karbonsuzlaşdırma ilə deyil, həm də ənənəvi enerji resurslarından istifadənin optimallaşdırılması ilə birbaşa əlaqələndirilir. Günəş və külək elektrik stansiyalarında istehsal olunan enerji təbii qazın digər istiqamətlər, o cümlədən potensial ixrac üçün istifadəyə yönəldilməsinə imkan yaradır.
Prezident İlham Əliyev açılış mərasimində çıxış edərkən bildirib ki, qarşıdakı illərdə Azərbaycanda bərpa olunan enerji mənbələri ilə işləyən elektrik stansiyalarının tikintisi geniş vüsət alacaq.
"Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır",-deyə Prezident İlham Əliyev bildirib.
Bu model artıq həyata keçirilən layihələrdə praktiki əksini tapır. İlkin mərhələlərdə dövlət və beynəlxalq institutlar mühüm rol oynayırdısa, hazırda xarici enerji şirkətləri və özəl biznes sektora fəal şəkildə qoşulur, hərrac mexanizmi isə investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır.
İstehsaldan yeni enerji infrastrukturunun yaradılmasına
Digər istiqamətlərdən biri də şəbəkə infrastrukturunun gücləndirilməsi olub. May ayında “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda inşa edilmiş 330 kilovoltluq yarımstansiya istifadəyə verilib. Avqust ayında isə 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyası istismara verilib.
Sonuncu layihə sənaye infrastrukturunun karbonsuzlaşdırma ilə birbaşa əlaqəlidir. Layihə çərçivəsində Səngəçal terminalının illik təxminən 500 milyon kVt/saat elektrik enerjisinə olan tələbatının bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulur. Bu, ildə 120–150 milyon kubmetr təbii qaza qənaət etməyə və karbon emissiyalarını 260–330 min ton azaltmağa imkan verəcək.
Beləliklə, söhbət artıq yalnız yeni elektrik stansiyalarının tikintisindən getmir. Elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi və son istehlakını əhatə edən vahid infrastruktur formalaşır.
Əsas artım regionların payına düşür
Yeni layihələrin əhəmiyyətli hissəsi Bakıdan kənarda cəmləşir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə BOEM-in inkişafı sürətlə gedir.
Cəbrayıl rayonunda ümumi gücü 340 MVt olan üç günəş elektrik stansiyası inşa edilir. Zəngilan, Laçın və Kəlbəcərdə ümumi gücü 300 MVt-dan çox olan hidroelektrik stansiyalar artıq istismara verilib. Qarşıdakı illərdə bu ərazilərin elektrik enerjisi istehsalı üzrə ümumi günəş və hidroenerji potensialının 700 MVt-a yaxınlaşacağı gözlənilir.
Paralel olaraq, Naxçıvanda da layihələr inkişaf etdirilir. Burada ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyaları inşa olunur.
Gücünün 25 MVt olması nəzərdə tutulan “Şəms 1” layihəsi 52 hektar ərazidə həyata keçirilir. "CEİ Naxçıvan" MMC artıq 10 MVt gücündə günəş panellərinin quraşdırılmasını başa çatdırıb, tikinti işlərinin isə noyabr ayında yekunlaşdırılması planlaşdırılır. Stansiyanın istismara verilməsi zəruri şəbəkə infrastrukturunun tikintisinin başa çatdırılmasından da asılı olacaq.
BOEM sahəsində Azərbaycanın əsas beynəlxalq tərəfdaşlarından biri BƏƏ-nin "Masdar" şirkətidir. Əməkdaşlığın miqyası göstərir ki, söhbət artıq ayrı-ayrı obyektlərdən deyil, bütöv layihələr portfelinin formalaşdırılmasından gedir.
Bu yaxınlarda "Masdar" və "SOCAR Green" Neftçala rayonunda 315 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə maliyyə bağlanmasının başa çatdığını təsdiqləyib. Stansiyanın ildə 686 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edəcəyi və təxminən 140 min təsərrüfatın elektrik enerjisi ilə təmin olunmasına imkan verəcəyi gözlənilir. Bununla yanaşı, karbon emissiyalarının ildə təxminən 280 min ton azalacağı proqnozlaşdırılır.
Neftçala ilə yanaşı, "Masdar" və "SOCAR Green" Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası və 240 MVt gücündə “Abşeron-Qaradağ” quruda külək elektrik stansiyası layihələrini də həyata keçirirlər. Bu layihələrin məcmu gücü 1,2 QVt-dan çoxdur.
"Masdar"ın "Azerbaijan Green Energy Company" ilə imzaladığı əlavə saziş yeni imkanların araşdırılmasını nəzərdə tutur. Xüsusilə tərəflər "Masdar"ın 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının gücünün ən azı daha 350 MVt artırılmasını, həmçinin 200 MVt·saatadək gücə malik enerji saxlanc sisteminin yaradılmasını nəzərdən keçirirlər.
Qaradağ GES-in özü də xüsusi əhəmiyyət daşıyır: layihə Azərbaycanda xarici investisiyalar əsasında həyata keçirilən ilk irimiqyaslı günəş enerjisi layihəsi olub. Stansiya ildə təxminən 500 milyon kVt/saat elektrik enerjisi istehsal edir ki, bu da 110 mindən çox təsərrüfatın istehlakına bərabərdir.
"Masdar" və AGEC, həmçinin gün ərzində fasiləsiz elektrik enerjisi verilişini təmin edəcək 100 MVt gücündə layihənin həyata keçirilməsi imkanını araşdıracaqlar. Günəş və külək enerjisinin dəyişkən istehsal payının artdığı şəraitdə belə layihələr xüsusi əhəmiyyət daşıya bilər. Çünki onlar elektrik enerjisinin istehsalını daha sabit təchizatı təmin edən texnologiyalarla birləşdirməyi nəzərdə tutur.
Daxili enerji balansından ixraca
Artıq həyata keçirilən layihələrin miqyası məsələnin qoyuluşunu da tədricən dəyişir. Əgər ilkin mərhələdə BOEM-in inkişafı əsasən daxili enerji istehsalının şaxələndirilməsi, qaza qənaət və emissiyaların azaldılması ilə bağlı idisə, növbəti mərhələ ixraca yönəldilə biləcək izafi güclərin yaradılmasıdır.
Azərbaycanın “yaşıl” enerjinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt həcmində qiymətləndirilir. İqtisadi potensial təxminən 27 QVt təşkil edir ki, bunun 23 QVt-ı günəş, 3 QVt-ı isə külək enerjisinin payına düşür. Bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir.
“Qobustan” GES istismara verildikdən sonra Azərbaycanda BOEM obyektlərinin ümumi gücü 2170 MVt təşkil edəcək. Ölkədə 65 hidroelektrik stansiya, altı külək elektrik stansiyası, 10 günəş elektrik stansiyası, üç hibrid elektrik stansiyası və bir bioelektrik stansiya olmaqla, ümumilikdə 85 belə obyekt fəaliyyət göstərəcək. BOEM ölkənin ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edəcək.
Bununla yanaşı, hazırkı göstəricilər aralıq xarakter daşıyır. 2027-ci ilin sonunadək ümumi gücü təxminən 1,5 QVt olan bərpa olunan enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Trend-ə verdiyi özəl müsahibədə bildirib ki, ilin sonunadək daha üç BOEM stansiyasının istismara verilməsi planlaşdırılır.
“Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını üç mərhələdə həyata keçirməyi nəzərdə tutmuşuq. Birinci mərhələ 2027-ci ilin sonunda başa çatır və həmin mərhələnin sonunadək təxminən 2 giqavat həcmində bərpa olunan enerji güclərinin istismara verilməsi nəzərdə tutulur”, - deyə o bildirib.
Onun sözlərinə görə, birinci mərhələ çərçivəsində bütün zəruri işlər artıq görülüb, müvafiq müqavilələr imzalanıb və investorlar demək olar ki, bütün mərhələlərdə iş aparırlar.
“Bu stansiya istismara verdiyimiz 11 stansiyadan üçüncüsüdür. İlin sonunadək daha təxminən üç stansiyanı istismara verə biləcəyimizi gözləyirik”, - deyə C.Abdullayev qeyd edib.
Lakin ikinci mərhələ artıq daxili enerji istehsalının artırılması çərçivəsindən kənara çıxır. Abdullayevin sözlərinə görə, Azərbaycan müvafiq marşrutlar üzrə elektrik enerjisinin ixracına yönəlmiş güclərin formalaşdırılmasına başlamalıdır.
Ən irimiqyaslı istiqamətlərdən biri Azərbaycan – Gürcüstan – Qara dəniz – Rumıniya – Macarıstan marşrutu üzrə elektrik enerjisinin ötürülməsi layihəsidir. Bu layihə üzrə artıq ilkin texniki-iqtisadi əsaslandırma hazırlanaraq təqdim edilib.
“Bilirsiniz ki, hazırda dörd bizim interkonnektorumuz masa üzərindədir. Biri ilə bağlı təhlillər Azərbaycan, Gürcüstan, Qara dənizin dibi ilə keçməklə Rumıniya-Macarıstan xəttinin ilkin texniki iqtisadi əsaslandırılması sənədi artıq hazırlanıb, təqdim olunub və sevindirici hal odur ki, texniki və iqtisadi cəhətdən o marşrutun cəlbedici olduğu bu tədqiqat nəticəsində bəlli olub. Və indi hal-hazırda zəruri olan və bu cəlbediciliyin daha da artırılması üçün mümkün olan bütün maliyyə mexanizmlərinin işə düşməsi üçün addımlar atılır.
Bu addımlar çərçivəsində həmin layihə hal-hazırda bizdə Avropa şəbəkəsinin 10 illik inkişaf planına daxil olunması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Eyni zamanda ondan sonra həmin layihəyə "Project of Mutual Interest", "Project of Common Interest" yəni ikitərəfli maraq və yaxud ümumi maraq statuslarından birinin alınması üzərində işlər gedəcək", - deyə o, bildirib.
O bildirib ki, bununla əlaqədar olaraq, müvafiq ölkələrin dörd ötürücü sistem operatorunun iştirakı ilə birgə müəssisə yaradılıb.
“Bununla bağlı o yaradılmış birgə müəssisə var, dörd ötürücü operator hər ölkədə şəbəkədən deməli tərəfindən, o müəssisə tərəfindən zəruri bütün işlər həyata keçirilir və o bizə imkan verəcək ki, müəyyən maliyyə institutlarının güzəştli şərtlərlə, bəzi hallarda hətta qrant şəklində o layihələrə nəsə vəsaitlər cəlb olunsun" deyə o qeyd edib.
Üçüncü mərhələ: “yaşıl” enerji yeni ixrac resursu kimi
Uzunmüddətli perspektivdə BOEM-in inkişafına artıq yalnız daxili enerji istehsalının strukturunun dəyişdirilməsi vasitəsi kimi baxılmır. Söhbət elektrik enerjisinin bərpa olunan mənbələr hesabına istehsalının Azərbaycanın əlavə ixrac resursuna çevrilə biləcəyi yeni enerji siyasəti istiqamətinin formalaşdırılmasından gedir.
Abdullayevin sözlərinə görə, üçüncü mərhələ yeni texnoloji həllər tələb edəcək və ölkənin enerji potensialından daha geniş istifadə ilə bağlı olacaq.
“Azərbaycan həm neft, həm qaz, həm də “yaşıl” enerji ilə zəngindir. Biz Avropanın enerji təhlükəsizliyini həmişə təmin eləmişik. İndi elektrik enerjisi ilə də, yaşıl enerji ilə də bu prosesi davam elətdirmək istəyirik. Üçüncü mərhələdə artıq o böyük ki bizdə potensial var, onun reallaşdırılması, hidrogen, digər vəsaitlərdən yararlanmağa və daha belə də digər texnologiyalardan istifadə olunmasına böyük töhfə verəcək. Və təbii ki, dünyada artan rəqəmsallaşmada data mərkəzləri və sair bunlar da böyük enerji resursları tələb eləyir. O baxımdan da təbii ki, yaradılacaq güclərin tələbat tərəfində də ciddi biz artımlar gözləyə bilərik", - deyə o qeyd edib.
Beləliklə, Azərbaycanda BOEM-in inkişafı tədricən bir-biri ilə əlaqəli bir neçə istiqamət formalaşdırır. Birincisi, ənənəvi enerji istehsalının bir hissəsinin əvəzlənməsi və təbii qazın sərbəstləşdirilməsidir. İkincisi, yeni infrastrukturun yaradılmasıdır. Üçüncüsü, xarici investisiyaların cəlb edilməsi və iri enerji klasterlərinin formalaşdırılmasıdır. Dördüncüsü isə elektrik enerjisinin və perspektivdə digər “yaşıl” enerji növlərinin ixracı üçün infrastrukturun hazırlanmasıdır.
“Qobustan” GES-in açılışı bu kontekstdə ayrı-ayrı hadisədən daha çox, sektorun miqyasının genişləndirilməsinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Hərrac modeli, beynəlxalq investorların iştirakı, enerji saxlanc sistemlərinin inkişafı və transsərhəd interkonnektorların hazırlanması Azərbaycanın enerji transformasiyasının növbəti mərhələsinə - ayrı-ayrı BOEM obyektlərinin tikintisindən tammiqyaslı “yaşıl” enerji ekosisteminin formalaşdırılmasına keçid etdiyini göstərir.











