Bakı. Trend:
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin azad Qarabağa və Şərqi Zəngəzura səfəri ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti təsdiqi kimi qiymətləndirilir. 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyətin bu səfərdə iştirakı görülən işlərə, həmçinin 30 illik işğal dövrünün reallıqlarına böyük marağın göstəricisidir. Onlar iki günlük səfər çərçivəsində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi, reallaşdırılan sosial, iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması, bərpası istiqamətində görülən tədbirlərlə yaxından tanış oldular. Bu kimi addımlar şanlı Qələbəmizin, suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqların təsdiqinə və təqdimatına xidmət edir. Onu da qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəri idi.
Səfərə Ermənistan cəmiyyətinin müəyyən dairələrinin kəskin və emosional şəkildə yanaşmaları birmənalı qarşılana bilməz. Bu reaksiya, həmçinin çoxsaylı sualların yaranmasına rəvac verir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın atdığı hər bir addımında bu prinsipləri öndə saxlayır. İstər 30 illik işğal, istərsə də postmünaqişə dövründə rəsmi Bakının əsas çağırışlarından biri ədalət, beynəlxalq hüquqa riayət etmək olub. Dünya güclərinin ikili standartlara əsaslanan siyasəti nəticəsində Ermənistanın 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlaması təbii ki, belə bir düşüncəyə səbəb ola bilməzdi ki, bu hal daimi olacaq. Beynəlxalq hüququn normalarını, BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən artıq müddətdə işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran qoydu, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrimizi dağıtdı, Azərbaycan xalqına qarşı bəşər tarixində misli-bərabəri olmayan Xocalı soyqırımı törətdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu torpaqları qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdı. Təəssüflər olsun ki, bu qətnamələr 28 il kağız üzərində qaldı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətini, işğalla heç zaman barışmadığını, bu torpaqların əsl sahibi olaraq ədaləti bərpa etdiyini, ən əsası BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdiyini nümayiş etdirdi. Bunları bir daha qeyd edərkən Ermənistanda bəzi dairələrin Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfərləri ilə bağlı yanaşmalarının nə qədər əsassız, qəbuledilməz olduğu üzə çıxır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərlərinə etiraz edilməsi Ermənistan cəmiyyətində revanşist düşüncələrin hələ də mövcud olduğunu göstərməklə yanaşı, sülh gündəliyinə də kölgə salır. Qeyd etdiyimiz kimi, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olunub. Bu səfərlərə qarşı çıxmaq əslində Azərbaycanın yaratdığı yeni reallığın qəbul edilməsinə qarşı çıxmaqdır. Bu baxımdan Ermənistan cəmiyyətində Qarabağdakı bəzi tarixi-dini abidələrimizlə bağlı müxtəlif iddiaların səsləndirilməsi də diqqət çəkir. Xüsusilə Gəncəsər və Xudavəng kimi abidələrimizin erməni irsi kimi təqdim edilməsi saxtakarlığın ən iyrənc nümunəsidir. Necə ola bilər ki, Ermənistan utanmadan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycanın tarixi-mədəni irsinin mövcudluğunu inkar edir. Ermənistanın siyasi dairələri belə rəy formalaşdırmağa çalışırlar ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə məsələyə rasist yanaşmadır. Qafqaz Albaniyası irsi də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan torpaqlarında qədim köklərə malik olan Qafqaz Albaniyası irsi dünya tarix elmi tərəfindən birmənalı şəkildə qəbul edilən və sübut olunmuş faktdır. Lakin təəssüf ki, Ermənistan cəmiyyətində və işğalçı dövlətin rəsmi dairələrində bu zəngin irsin mütəmadi olaraq inkar edilməsi, tarixi gerçəkliklərə qarşı dözümsüzlüyün və destruktiv siyasətin şahidi oluruq. Ermənistan tərəfinin Qafqaz Albaniyasının maddi-mədəni irsinə bu cür qərəzli və ayrı-seçkilik ehtiva edən münasibəti irqçilik və ksenofobiyadan başqa bir şey deyildir.
Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi faktların saxtalaşdırılması cəhdləri və qədim alban abidələrinin mənimsənilməsi siyasəti regionda sülhə və qarşılıqlı etimada xələl gətirən əsas amillərdəndir. Bunun fonunda xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın suveren ərazisində yerləşən bütün tarixi və mədəni abidələr, o cümlədən Qafqaz Albaniyasına məxsus irs Azərbaycan xalqının tarixi yaddaşının ayrılmaz hissəsidir. Bu abidələr ölkəmizin mədəni sərvəti kimi Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə qorunur, təbliğ edilir və gələcək nəsillərə ötürülür.
Millət vəkili bildirib ki, məsələnin digər mühüm tərəfi Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinə münasibətdir. Ermənistan uzun illər ərzində Azərbaycan xalqının öz tarixi dədə-baba torpaqlarında əsrlər boyu yaşaması, inkişaf etməsi və zəngin maddi-mədəni irs yaratması reallığını hər vəchlə danmağa, bu tarixi reallığa kölgə salmağa çalışır. Bu siyasətin tərkib hissəsi olaraq Qərbi Azərbaycanda xalqımızın formalaşdırdığı misilsiz mədəni irs - qədim tarixi abidələr, müqəddəs məscidlər, qəbiristanlıqlar, eləcə də qədim yaşayış məskənləri sistemli şəkildə dağıdılıb və yer üzündən silinib. Bölgənin əsl tarixi simasını, coğrafi adlarını və mədəni mənzərəsini saxtalaşdırmaq, onu yenidən yazmaq məqsədi güdən bu cür destruktiv addımlar erməni toplumuna xas olan şovinizmin və dözümsüzlüyün, açıq-aşkar irqçi siyasətinin bariz təzahürüdür. Azərbaycan mədəniyyət abidələrinin qəsdən və planlı şəkildə məhv edilməsi, həmçinin xalqımızın indiki Ermənistan ərazisindəki izlərini tamamilə silməyə çalışması ümumbəşəri dəyərlərə qarşı yönəlmiş ağır cinayətdir. Bu vandalizm aktları bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının, həmçinin UNESCO-nun müvafiq konvensiya və qərarlarının son dərəcə kobud şəkildə pozulması deməkdir.
Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistanda gedən son proseslər rəsmi İrəvanın bölgədə sülhün bərqərar olunması istiqamətində apardığı siyasətin nə dərəcədə qeyri-səmimi və ziddiyyətli olduğunu bir daha açıq şəkildə nümayiş etdirir. Əslində, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində və 2023-cü ilin bir günlük lokal antiterror tədbirlərində uğradığı hərbi-siyasi məğlubiyyət fonunda məcburiyyət qarşısında sülhə yönəlib. 2023-cü ildən sonra Nikol Paşinyan hakimiyyətinin bölgədə yaranmış reallıqları qəbul etməkdən və sülh müqaviləsinə doğru getməkdən başqa çıxış yolu qalmamışdı. Lakin buna baxmayaraq, İrəvanın son dövrlərdəki bəyanatları və informasiya məkanındakı təxribatçı paylaşımları məqsədyönlü kampaniya xarakteri daşıyır və rəsmi qurumların sülh prosesini qəsdən pozmaq, həmçinin vaxt qazanmaq niyyətindən xəbər verir. Diqqətçəkən məqamlardan biri odur ki, Ermənistanda mövcud olan revanşist meyillər və radikal qüvvələr təkcə müxalifət düşərgəsi ilə məhdudlaşmır. Analitik təhlillər və mövcud faktlar açıq şəkildə göstərir ki, bu cür təhrikedici kampaniyaların və məlumat axınının arxasında birbaşa Ermənistan hakimiyyətinin özü dayanır. Bu baxımdan gərginlik yaradan və sülh əleyhinə yönələn bir çox radikal paylaşımlar, məqalələr və çağırışlar təsadüfi deyil. Onlar məhz hakim “Vətəndaş Müqaviləsi” Partiyasına yaxınlığı ilə seçilən resurslarda və mediada tirajlanır. Bu da bir daha sübut edir ki, İrəvan rəsmi şəkildə sülhə hazır olduğunu bəyan etsə də, daxildə revanşist əhval-ruhiyyəni qidalandırır və ikiüzlü siyasət yürüdür. Bu baxımdan Ermənistan parlamentinin sədri Ruben Rubinyanın səsləndirdiyi fikirlər tamamilə qəbuledilməz olmaqla yanaşı, birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir və regionda gərginliyi artırmağa xidmət edir. Belə ki, sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci il sentyabrın 12-13-də dövlət sərhədində baş verən döyüşlərdə məhv edilmiş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi açıq-aşkar revanşist əhval-ruhiyyəni qidalandıran addımdır. Qeyd etmək lazımdır ki, həmin hərbi təxribatlar məhz Ermənistan tərəfindən törədilmiş və Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün qətiyyətli cavab tədbirləri görmüşdü. Bu cür addımlar rəsmi İrəvanın sülh əvəzinə daxildə hərbi aqressiyanı və revanşizmi yenidən canlandırmağa çalışdığını bir daha sübut edir.
Millət vəkili vurğulayıb ki, Ermənistan cəmiyyətində Qarabağla bağlı səslənən bəzi radikal fikirlər həm də revanşist düşüncələrin tamamilə aradan qalxmadığını göstərir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi bir vaxtda Ermənistan cəmiyyətində revanşist fikirlərin yenidən gündəmə gətirilməsi ciddi narahatlıq doğurur. Ermənistanın siyasi və ictimai dairələri anlamalıdır ki, davamlı sülh yalnız artıq Cənubi Qafqazda yaranmış yeni reallıqların qəbul edilməsi əsasında mümkündür. Keçmiş münaqişəyə qayıtmaq cəhdləri regionun gələcəyinə xidmət etmir. Ermənistan cəmiyyətində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun ölkəmizin Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərinə qarşı aparılan kampaniya göstərir ki, bu istiqamətdə hələ də müəyyən problemlər qalmaqdadır. Azərbaycan öz ərazisində suveren hüquqlarını tam və qəti şəkildə həyata keçirir. Azərbaycanın ərazisində diplomatik nümayəndələrin sərbəst hərəkəti dövlətimizin suveren hüquqları daxilindədir.
Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda dalğalanan şanlı üçrəngli bayrağımız Azərbaycanın gücünün və tarixi Zəfərimizin ən parlaq nümayişidir. Ermənistan cəmiyyəti nəhayət anlamalıdır ki, Azərbaycanın regionda yaratdığı reallıqları nə revanşist çağırışlarla, nə siyasi manipulyasiyalarla, nə də sosial şəbəkələrdə aparılan kampaniyalarla dəyişmək mümkün deyil. Azərbaycan öz gücü, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Azərbaycanın müasir tarixinin bu qürurverici səhifələrini dəyişmək, yalanları həqiqət kimi qəbul etdirmək mümkünsüzdür. Azərbaycan hazırda dünyaya təqdim etdiyi sülh təcrübəsi ilə diqqətdədir. Azərbaycanın humanist siyasətindən irəli gələn sülh təklifinin reallığa çevrildiyi hazırkı dövrdə Ermənistanda revanşist dairələrin baş qaldırmasına cavab olaraq Prezident İlham Əliyevin “Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!” çağırışını bir daha xatırlatmaq istərdik.