Bakı. Trend:
Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakıda ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı monitorinqlər aparılır.
Trend-in məlumatına görə, səhər saatlarında paytaxtda sərnişin axınının artması nəzərə alınaraq metropolitenin və yerüstü sərnişindaşımanın fəaliyyəti yoxlanılıb.
Monitorinq çərçivəsində Bakı Metropoliteninin rəisi Vüsal Aslanov və digər aidiyyəti şəxslər “28 May” Nəqliyyat Mübadilə Mərkəzində olublar. Burada sərnişin sıxlığı, nəqliyyat mübadilə mərkəzinin fəaliyyəti və ictimai nəqliyyatın hərəkətinin təşkili yerində qiymətləndirilib.
Bununla yanaşı, “BakuBus”a məxsus M2, M3 marşrutları və digər müntəzəm avtobus xətlərində sərnişindaşıma prosesi nəzarətdə saxlanılır.
Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, səhər saatlarında sərnişin axınının ən intensiv olduğu 08:00–09:00 aralığında “Neftçilər” stansiyasından xəttə ehtiyat qatar buraxılıb.
“Bakı Metropolitenində sərnişin sıxlığının qarşısının alınması məqsədilə qatarların hərəkət intervalları da tənzimlənib. Qırmızı xətt üzrə pik saatlarda – 07:30–09:30, 12:30–14:30 və 17:00–19:30 aralığında qatarlararası interval 2 dəqiqəyə endirilib. Ötən tədris mövsümünün təcrübəsinə uyğun olaraq, ehtiyat qatar sərnişin sıxlığından asılı olaraq “Koroğlu” stansiyasına yönəldilib. Bu, əsas sərnişin axınının daşınmasını təmin edərək mümkün sıxlığın qarşısının alınmasına xidmət edib”, - deyə o əlavə edib.