Bakı. Trend:
11–13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında gümüş medal qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.
Gimnastlarımız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya nümayəndələri, yaxınları və media nümayəndələri tərəfindən qarşılanıblar.
Qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində 19.600 xal toplayaraq Dünya çempionatının gümüş medalını qazanıblar. Gimnastlarımız 19.700 xal nəticə göstərən Dünya Gimnastikasının bayrağı altında çıxış edən cütlükdən cəmi 0,1 xal geri qalaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. İtaliya təmsilçiləri isə 19.600 xal nəticə ilə bürünc medal əldə ediblər.
Avropa çempionu olan Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəliblər. Finaldakı inamlı çıxışları ilə ikinci pillədə qərarlaşan gimnastlarımız Dünya çempionatında qarışıq cütlük proqramında ikinci gümüş medallarını qazanıblar. Cütlüyün ilk gümüş medalı 2024-cü ildə keçirilən Dünya çempionatında əldə olunub.



