Bakı. Trend:
Küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək.
Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.
Həmçinin, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.
İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.