Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini qurumları arasında əməkdaşlığın gücləndirilməsi və fətva komitələrinin fəaliyyətinin əlaqələndirilməsi mühüm addımdır.
Bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri şurasının 7-ci görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib
O qeyd edib ki, Azərbaycanın dini liderlərinin, müftilərinin və digər dini qurumların nümayəndələrinin bu prosesdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
“Ümumilikdə, Türk Dövlətləri Təşkilatı çərçivəsində dini təhsil müəssisələri və dini qurumlar arasında əməkdaşlığın genişləndirilməsi təcrübə və bilik mübadiləsinə, müasir dini təhsilin inkişafına, ortaq dəyərlərin qorunmasına və gənc nəslin düzgün istiqamətləndirilməsinə mühüm töhfə verə bilər.
Bu gün Bakı şəhərində keçirilən toplantımız artıq yeddinci toplantıdır və dini liderlərimizin bu formatda görüşməsi böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu görüşlər Türk Dövlətləri Təşkilatı çərçivəsində həm dini, həm də ictimai məsələlərin müzakirəsi baxımından olduqca vacibdir.
Gündəliyimizdə bir sıra mühüm məsələlər yer alır. Onlardan biri elm və biliyin, xüsusilə İslamda elmə və təhsilə verilən əhəmiyyətin müzakirəsidir. İkinci mühüm məsələ ailə institutudur. Ailənin qorunması, ailə dəyərlərinin gələcək nəsillərə ötürülməsi bu gün bütün cəmiyyətlər üçün böyük əhəmiyyət kəsb edir.
Eyni zamanda, dünyada baş verən sürətli rəqəmsal dəyişikliklər və yeni texnologiyaların həyatımıza təsiri də diqqət mərkəzindədir. Biz bu proseslərə İslamın dəyərləri və prinsipləri baxımından yanaşmalı, müasir texnologiyaların yaratdığı imkan və çağırışları birlikdə müzakirə etməliyik”, - deyə o bildirib.