Bakı. Trend:
Misli Premyer Liqasının 5-ci turunda “Zirə” və “Qarabağ” futbol komandaları üz-üzə gəlib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən və 1300 tamaşaçının izlədiyi qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Matçın 4-cü dəqiqəsidə Bayere Lue “Zirə”ni önə keçirsə də, VAR yoxlamasından sonra qol ofsayd səbəbindən ləğv edilib.
Hesab yalnız ikinci hissədə açılıb. 56-cı dəqiqədə İssa Cibrila baxımlı qola imza ataraq “Zirə”ni önə keçirib. Bu, onun mövsümdə ikinci qolu olub.
“Qarabağ” isə 65-ci dəqiqədə Aleksey Kaşukun qolu ilə hesabda tarazlığı bərpa edib. Bu qol da futbolçunun mövsümdə ikinci qolu olub.
Qalan dəqiqələrdə tərəflərdən heç biri üstünlük qazana bilməyib və görüş 1:1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra “Qarabağ” xallarının sayını 10-a çatdıraraq ikinci pillədə qərarlaşıb. Rəqibdən bir oyun çox keçirən “Zirə” də eyni xalla üçüncü pillədədir.
Günün ilk qarşılaşmasında isə "Araz Naxçıvan" Şamaxı şəhər stadionunda "Turan Tovuz"u qəbul edib.
500 tamaşaçının izlədiyi matçda qalib müəyyənləşməyib - 2:2.
7-ci dəqiqədə “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman avtoqola imza ataraq “Araz-Naxçıvan”ı önə keçirib.
51-ci dəqiqədə İbrahima Vadji hesabı bərabərləşdirib. 75-ci dəqiqədə isə oyuna cəmi beş dəqiqə əvvəl daxil olan Jo Batista fərqlənərək “Turan Tovuz”u 2:1 hesabı ilə önə çıxarıb.
Matçın sonlarına yaxın “Araz-Naxçıvan”ın qazandığı penalti VAR müdaxiləsindən sonra uzun müddət müzakirə olunsa da, baş hakim Elçin Məsiyevin qərarı qüvvədə saxlanılıb. 86-cı dəqiqədə Ağadadaş Salyanski 11 metrlik cərimə zərbəsindən yekun hesabı müəyyənləşdirib - 2:2.
Bu heç-heçədən sonra “Turan Tovuz” xallarının sayını səkkizə çatdırıb və beşinci pillədə qalıb. “Araz-Naxçıvan” isə iki xalla 10-cu pilləyə qalxıb.
Tura sabah "Şəfa"-"Sabah" matçı ilə yekun vurulacaq.