Bakı.Trend:
Belarus ordusunda yoxlamalar davam etdiriləcək, o cümlədən səfərbərlik hazırlığının yoxlanılması planlaşdırılır.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko cümə günü Brest vilayətindəki “Obuz-Lesnovski” ümumqoşun poliqonunda jurnalistlərə açıqlamasında bildirib.
“Mən artıq sadə dildə demişəm: ordunu silkələmək lazımdır, bunun vaxtı çatıb. Bütün ordunu. Hamını yoxlayacağıq. Səfərbərliyə qədər”, - deyə dövlət agentliyi BelTA Lukaşenkonun sözlərini sitat gətirib.
Belarus Prezidenti hazırda onun tapşırığı ilə artilleriya briqadasının yoxlanıldığını, bundan əvvəl isə tank və motoatıcı bölmələrin yoxlanıldığını xatırladıb.