Bakı. Trend:
Müəllimlərin sertifikasiyası ali təhsil müəssisələrində keçirilən buraxılış imtahanları çərçivəsində həyata keçirilə bilər.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması ilə sertifikasiya prosesinin növbəti mərhələsinə keçmək mümkündür.
“Biz ali təhsil müəssisələrində məhz təhsilin keyfiyyətini artırmaqla artıq bu prosesin növbəti mərhələsinə qədəm qoya bilərik”, – E.Mirzəbəyli deyib.
Deputat təklif edib ki, sertifikasiya prosesi ali təhsil müəssisələrinin buraxılış imtahanları ilə əlaqələndirilsin və müəllimlərin ikinci dəfə sertifikasiyaya cəlb olunmasına ehtiyac yaranmasın.
“Bəlkə elə sertifikasiya prosesi ali təhsil müəssisələrinin buraxılış imtahanları kontekstində keçirilsin və məsələ ikinci dəfə gündəmə gəlməsin”, – o bildirib.
E.Mirzəbəyli qeyd edib ki, Azərbaycanda indiyədək müəllimlərin, eləcə də bu vaxta qədər təhsil alan şəxslərin sertifikasiyası istiqamətində müvafiq addımlar atılıb.
Onun sözlərinə görə, sertifikasiyadan keçən müəllimlər üçün proses başa çatıb, keçməyənlər üçün isə müəyyən məhdudiyyətlər formalaşır və ya onlar sosial müəllimlər kimi fəaliyyətlərini davam etdirirlər.
Deputat bildirib ki, universitetlər hər il müxtəlif sahələr üzrə müəllimlər hazırlayır.
“Əgər müəllimlər bizim universitetlərimiz hər il müxtəlif sahələr üzrə müəllimlər hazırlayırlarsa, bəlkə elə bu proses müəllimlərin buraxılış imtahanları ilə ali məktəb müəssisələrində keçirilsin”, – E.Mirzəbəyli deyib.
O vurğulayıb ki, belə olan halda həmin şəxslərin növbəti dəfə sertifikasiya prosesinə cəlb olunması məsələsi gündəmə gəlməyə bilər.
E.Mirzəbəyli hesab edir ki, bu yanaşma dövlət büdcəsinə qənaət edilməsi baxımından da vacib amillərdən biri ola bilər.
“Bu həm də dövlət büdcəsinin qənaət olunması üçün vacib faktorlardan biridir”, – deputat əlavə edib.