Bakı.Trend:
Maliyyə resurslarının mövcudluğu özlüyündə yerlərdə iqlim layihələrinin həyata keçirilməsi üçün kifayət deyil: şəhər və bölgələrə, həmçinin müvafiq imkanlar və maliyyələşməyə çıxış lazımdır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində çıxışı zamanı deyib.
“Şəhər sistemlərinin, xüsusilə şəhər və bölgələrin ilk növbədə öz ehtiyaclarını nəzərə almaqla layihələrin hazırlanması və həyata keçirilməsi üçün maliyyələşməyə ehtiyacı var. Lakin təkcə maliyyənin mövcudluğu yerlərdə konkret tədbirlərin həyata keçirilməsi üçün kifayət etmir. Müxtəlif beynəlxalq maliyyə mexanizmləri çərçivəsində əlçatan olan beynəlxalq maliyyə resursları şəhər və bölgələrin bu vəsaitlərə asanlıqla çıxışını heç də həmişə təmin etmir.
Milli iqlim planları, milli inkişaf strategiyaları və şəhər inkişafı sahəsində yerli investisiya prioritetləri arasında uzlaşma və sıx əlaqə təmin edilməlidir ki, onlar sinxronlaşdırılsın və yerli icmaların ehtiyaclarına cavab versin”, - deyə E.Allahverdiyev qeyd edib.
O, həmçinin şəhər və regionların əlçatan beynəlxalq maliyyələşməni cəlb etməyə imkan verəcək layihələrin hazırlanması üzrə potensialının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
E.Allahverdiyevin sözlərinə görə, beynəlxalq maliyyə institutları və yerli tərəfdaşlar şəhər və regionların potensialının artırılmasında iştirak etməlidirlər ki, mövcud maliyyə resurslarına çıxışları təmin olunsun.
“Daha bir mühüm element akademik ictimaiyyətin və texnologiyaların prosesə cəlb edilməsidir. Milli səviyyədə hökumətlərin innovativ texnologiyalara və digər bu kimi resurslara çıxışı daha asan və çevikdir. Yerli səviyyədə isə şəhər və regionlara bu sistemin iqlim və şəhər aspektləri ilə işləmək imkanları da yaradılmalıdır.
Azərbaycanın COP29 sədrliyi dövründə şəhərlərin iqlim gündəliyinin iqlim konfranslarının, o cümlədən COP-un rəsmi platformalarında kifayət qədər təmsil olunmaması məsələsinə diqqət yetirildi.
Biz COP29 sədrlik edən tərəf olaraq təşəbbüslərimiz üzərində işləməyə başlayanda başa düşürdük ki, iqlim, xüsusilə də şəhərlərin iqlim gündəliyi iqlim konfranslarının rəsmi platformalarında, o cümlədən COP-da kifayət qədər təmsil olunmurdu”, - deyə o bildirib.
E.Allahverdiyevin sözlərinə görə, COP31-in şəhərlər və şəhər sistemləri üçün yeni impulsa çevrilməsi böyük əhəmiyyət daşıyır.
“Azərbaycan COP-a keçmiş sədrlik etmiş ölkə kimi bu mühüm elementin təkcə müxtəlif beynəlxalq platformalarda deyil, həmçinin öz fəaliyyətimiz, ölkə daxilində keçirilən müxtəlif şəhər forumları çərçivəsində gündəmdə saxlanılmasında, eləcə də bu prosesin təşviqində və digər yerli maraqlı tərəflərlə qarşılıqlı əlaqədə mühüm rol oynayır”, - deyə o əlavə edib.