Bakı.Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovun anım mərasimi baş tutub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, mərasimdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə yanaşı, dövlət komitələrinin və müxtəlif qurumların rəsmi şəxsləri iştirak ediblər.
Mərasim iştirakçıları Rövşən Muradovla bağlı xatirələrini bölüşüblər.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa bildirib ki, Rövşən Muradov öz gördüyü işlərdə çox məsuliyyətli və dinamik idi.
“Rövşəni həqiqətən əvəzolunmaz edən onun səmimiyyəti, dəqiqliyi və fədakarlığından başqa,hər bir insanı dəyərli hiss etdirmək bacarığı idi”,- deyə o əlavə edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin baş katiblə bağlı xatirələrini bölüşərkən qeyd edib ki, baş katib kimi təşkilatın canlı qəlbinə çevrildi. O, pərdəarxasında, tez-tez diqqət mərkəzində olmadan və yorulmadan çalışırdı.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus əlavə edib ki, Rövşən Muradovun rolu həqiqətən unikal idi.
“Biz bacarıqlı bir baş katibi deyil, həm də əvəzolunmaz bir dostu, qeyri-adi bir insanı itirdik. Onun varlığı həyatımızı təsvir olunmaz dərəcədə zənginləşdirmişdi”,- deyə o vurğulayıb.
Mərasim zamanı Rövşən Muradovun Nizami Gəncəvi Beynəlxalq Mərkəzindəki fəaliyyəti ilə bağlı videoçarx izlənildi.



