Bakı.Trend:
SOCAR metan emissiyalarının azaldılması proqramının icrasını davam etdirir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində deyib
Onun sözlərinə görə, əlavə maliyyələşmə olduğu təqdirdə metan emissiyalarının azaldılması və müvafiq infrastrukturun təmiri üzrə əlavə proqramların həyata keçirilməsi mümkün olacaq.
“SOCAR-ın metan emissiyalarının azaldılması proqramı çərçivəsində Boston Consulting Group, Sniffers və GHGSat kimi tərəfdaşlarla birgə ölçmə kampaniyaları həyata keçirilib. Son iki il ərzində proqram çərçivəsində təxminən 1-2 milyon ton CO₂ ekvivalentində irəliləyiş əldə olunub”, – deyə A. İsayev bildirib.
Enerji keçidi və bərpaolunan enerji mənbələrinin inteqrasiyasından danışan o qeyd edib ki, günəş və külək enerjisi sahəsində layihələr investisiya sertifikatları da daxil olmaqla dövlət proqramları tərəfindən dəstəklənir:
“2030-cu il üçün məqsəd enerji balansının ən azı 30 faizinin bərpa olunan enerji mənbələrinin payına düşməsidir. "Masdar", "ACWA Power", BP və "Universal Energy" daxil olmaqla xarici şirkətlərlə tərəfdaşlıq 2030-cu ilədək bu göstəricinin 30 faizdən yuxarı olmasına imkan verəcək”.
A. İsayev həmçinin həm mərkəzləşdirilmiş istilik təchizatı, həm də elektrik enerjisi istehsalı üçün geotermal enerjinin yüksək potensialını qeyd edib.
Onun sözlərinə görə, energetika naziri ilə müzakirələr zamanı geotermal enerjinin inkişafı yeni qanunvericiliyin və risklərin azaldılması mexanizmlərinin hazırlanmasını nəzərdə tutan dövlət proqramlarına daxil edilib.
A. İsayev həmçinin bildirib ki, SOCAR "Schlumberger" və "Baker Hughes" şirkətləri ilə birgə Azərbaycanın geotermal enerji potensialının yüksək olduğu ərazilərin müəyyənləşdirilməsi məqsədilə kabinet tədqiqatlar aparıb:
“Hazırda SOCAR layihə risklərinin bölüşdürülməsi məqsədilə layihələrdə kapital iştirakı üçün tərəfdaşlar axtarır”, - deyə o bildirib.