Bakı.Trend:
Paris Sazişinin məqsədlərinin həyata keçirilməsini sürətləndirmək lazımdır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi çərçivəsində deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən COP29 beynəlxalq iqlim əməkdaşlığında mühüm mərhələ olub: “COP29-da ölkələr 2035-ci ilədək iqlim maliyyələşdirilməsi üzrə ildə 300 milyard dollar həcmində yeni qlobal məqsədlə bağlı razılığa gəlib, həmçinin bütün tərəfləri dövlət və özəl mənbələrdən iqlim maliyyələşdirilməsini 2035-ci ilədək ildə ən azı 1,3 trilyon dollara çatdırmaq üçün birgə işləməyə çağırıblar.
Saymon Stil bildirib ki, 1,3 trilyon dolların səfərbər edilməsi üzrə Bakı Yol Xəritəsi maliyyələşmənin ən çox ehtiyac duyulan istiqamətlərə yönəldilməsini təmin etməyə yönəlmiş praktiki addımlar vasitəsilə bu işi davam etdirib.
“Bakıya qayıtmağım mənim üçün sadəcə simvolik məna daşımır. Bu, öhdəliklərin həyata keçirilməsi üçün başlanğıc nöqtəsi və danışıqlar masasında verilən vədlərin layihələrə, investisiyalara və insanların yerində real müdafiəsinə çevrilib-çevrilmədiyinin yoxlanılmasıdır. Beynəlxalq iqlim əməkdaşlığı nəticə verir və bu əməkdaşlıq olmasaydı, bəşəriyyət istiləşmənin fəlakətli səviyyələrinə doğru irəliləyərdi.
Hazırda təmiz enerjiyə investisiyalar ildə 2 trilyon dolları ötür. Bərpa olunan enerji mənbələri dünyada elektrik enerjisinin ən böyük mənbəyi kimi kömürü geridə qoyub və bu fərq artmaqda davam edəcək”, - deyə UNFCCC-nin icraçı katibi bildirib.
O vurğulayıb ki, təmiz enerjiyə keçid geri dönməz xarakter daşıyır, lakin iqlim fəsadları da güclənir.
“Bütün regionlar daha güclü istilik dalğaları, daşqınlar, quraqlıqlar, meşə yanğınları və ərzaq təhlükəsizliyinin pozulması ilə üzləşir və hər bir iqtisadiyyat bu risklərə məruz qalır. Buna görə də temperaturun hər bir dərəcəlik artımı önəmlidir”, - deyə Stil qeyd edib.
O bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsindən COP31-ə və ondan sonrakı dövrə qədər Paris Sazişinin məqsədlərinin həyata keçirilməsini sürətləndirmək lazımdır.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.