Bakı. Trend:
İqlim dəyişikliyi beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə təhdid kimi qəbul edilməli və bu məsələ beynəlxalq sistemin yenilənməsi çərçivəsində daha ciddi şəkildə gündəmə gətirilməlidir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Ərəb Liqasının sabiq Baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində deyib.
“BMT-nin Baş katibi iki məqamı xüsusilə vurğulayıb. Birincisi, iqlim dəyişikliyi beynəlxalq sülh və təhlükəsizliyə təhdidə çevrilib. İkincisi isə pandemiyalarla yanaşı, bu yeni təhdidlər çoxtərəfli sistemin yenilənməsi prosesində layiq olduqları yeri tutmalıdır”, - deyə Əmr Musa bildirib.
Onun sözlərinə görə, beynəlxalq çoxtərəfli sistemin yenilənməsi və yenidən qurulması prosesində iqlim dəyişikliyinin yaratdığı təhlükələr nəzərə alınmalıdır.
“İqlim dəyişikliyi ilə bağlı müzakirələrimizdə BMT Baş katibinin irəli sürdüyü ideyaları necə dəstəkləyə biləcəyimizi nəzərdən keçirməliyik. Bu məsələ beynəlxalq sistemin yenilənməsi ilə bağlı gündəliyə daxil edilməlidir”, - deyə o qeyd edib.
Əmr Musa BMT Təhlükəsizlik Şurasının prosedurlarında və gündəliyində, eləcə də Baş Assambleyanın fəaliyyətində iqlim dəyişikliyinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi nəzərdən keçirilməsi məsələsinin yer almasını təklif edib.
“İqlim dəyişikliyinin beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə təhdid kimi qəbul edilməsi ilə bağlı Təhlükəsizlik Şurasının prosedurlarında və gündəliyində, həmçinin Baş Assambleyanın fəaliyyətində hansı dəyişikliklərin aparılmasının mümkün olduğunu müzakirə etməliyik”, - deyə o vurğulayıb.
O bildirib ki, beynəlxalq gündəmdəki bir çox münaqişə və digər məsələlər üzrə fərqli mövqelər mövcuddur. Lakin iqlim dəyişikliyi ilə bağlı daha vahid mövqenin formalaşdırılması mümkündür.
“Beynəlxalq gündəmdəki münaqişələrlə bağlı bütün məsələlərin tərəfdarları və əleyhdarları var. İqlim dəyişikliyi isə effektiv şəkildə vahid mövqenin formalaşdırıla biləcəyi məsələlərdən biri ola bilər”, - deyə Əmr Musa qeyd edib. Sabiq Baş katib bildirib ki, iqlim dəyişikliyinin sülh, sabitlik və təhlükəsizliyə təhdid kimi qəbul edilməsi ilə bağlı məsələnin beynəlxalq ictimaiyyət qarşısında daha geniş müzakirəyə çıxarılması vacibdir.
“Ümid edirəm ki, bu görüşlərin hesabatlarında ən azı iqlim dəyişikliyinin sülh, sabitlik və təhlükəsizliyə təhdid kimi nəzərdən keçirilməsi məsələsi vurğulanacaq. Bu məsələ beynəlxalq sistemin yenilənməsi prosesində komitələr və digər müvafiq qurumlar tərəfindən müzakirə edilməlidir”, - deyə Əmr Musa əlavə edib.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.