Bakı. Trend:
Koreya Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin nümayəndələri KXDR hərbçilərinin bir ay ərzində demarkasiya xəttini 20 dəfədən çox keçdiklərini bildiriblər.
Bu barədə Yonhap agentliyi məlumat yayıb.
2025-ci il ərzində belə insidentlərin sayı 17 olub. Seul adətən bu cür hallarla bağlı açıqlamalarında hərbi demarkasiya xəttinin keçilməsini qəsdən törədilmiş əməl hesab etmədiyini bildirirdi. Koreya Xalq Ordusu 2024-cü ildən etibarən sərhədin möhkəmləndirilməsi ilə məşğuldur. Bu işlərə hasarların və minaların quraşdırılması, ərazinin təmizlənməsi, eləcə də sıx bitki örtüyü olan ərazilərdə patrul xidmətinin həyata keçirilməsi daxildir.
“Bu il daha əvvəl iş aparılmamış ərazilərdə işlər görülür və pozuntular qeydə alınıb. Biz hesab etmirik ki, Şimali Koreya ordusu hərbi demarkasiya xəttini fəaliyyət xarakterinin dəyişməsi və ya hər hansı xüsusi aktivlik nəticəsində keçib”, – deyə Koreya Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi bildirib.
Avqustun ortalarında yarımadanın şərq hissəsində belə hallardan birincisi qeydə alınıb və sərhəd keçidlərinin əksəriyyəti də məhz burada baş verib. Koreya Respublikası Silahlı Qüvvələrinin nizamnaməsinə əsasən, hərbi demarkasiya xəttinin mümkün keçilməsi əlamətləri aşkar edildikdə, əvvəlcə xüsusi avadanlıq vasitəsilə xəbərdarlıq edilir. Daha sonra xəttin keçildiyi müəyyən edilərsə, xəbərdarlıq atəşi açılır. Ötən ay ərzində də belə hallar baş verib. Adətən KXDR hərbçiləri bundan sonra öz ərazilərinə geri çəkilirlər.
Yonhap-ın məlumatına görə, Koreya Respublikası Silahlı Qüvvələri Koreya müharibəsində atəşkəs şərtlərinə əməl olunmasına nəzarət edən BMT Komandanlığına müraciət edib. BMT Komandanlığına amerikalı general rəhbərlik edir.
“Biz atəşkəs sazişinə uyğun olaraq demilitarizasiya olunmuş zona daxilindəki fəaliyyətləri müşahidə etməyə davam edir və Koreya Respublikası ilə koordinasiya aparırıq. Səhv anlaşılma risklərini azaltmaq məqsədilə atəşkəs sazişinin icrası, həmçinin Koreya yarımadasında sabitliyin və sülhün qorunması istiqamətində səylərimizi davam etdiririk”, – deyə BMT Komandanlığından bildirilib.