Bakı. Trend:
Meşə yanğınlarının tüstüsü 2010-2018-ci illər arasında hər il dünyada təxminən 100 min əlavə ölümə səbəb olub.
Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatında bildirilib.
Qeyd olunur ki, şiddətli meşə yanğınlarının sayı artır və nəticədə tüstünün yüksək toksikliyi insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Mütəxəssislər faktiki ölüm sayının daha yüksək ola biləcəyini bildirirlər.
ÜMT-nin məlumatına görə, 1990-cı illərdən etibarən dünyada meşə yanğınları nəticəsində yaranan ekstremal tüstü hadisələrinin sayı üç dəfə artıb. Təşkilatın ekspertləri bildirirlər ki, standart risk qiymətləndirmə modellərində tüstünün toksikliyi tam nəzərə alınmadığından, bununla bağlı ölüm hallarının sayı 93 faizədək az qiymətləndirilə bilər.
ÜMT xəbərdarlıq edib ki, meşə yanğınları və isti hava dalğalarının yaratdığı çirklənmənin artması havanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində beynəlxalq səylərə mənfi təsir göstərə bilər.
Təşkilatın məlumatına görə, 2025-ci ildə təhlükəli xırda hissəciklərin – PM2.5-in konsentrasiyası Kanadanın şimalında, Rusiyanın bəzi ərazilərində, eləcə də Qərbi və Mərkəzi Afrikada orta göstəricidən yüksək olub. ÜMT bunu meşə yanğınlarının artması ilə əlaqələndirir.