Bakı.Trend:
Hədəflərimiz arasında en vacibi sıfıra yaxın metan intensivliyinə nail olmaq idi.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə SOCAR-ın Ətraf mühit üzrə məlumatların açıqlanması və yaşıl məsələlər departamentinin rəhbəri Mustafa Qurbanlı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən panel müzakirəsi zamanı çıxışında deyib.
O qeyd edib ki, bu hədəfləri həyata keçirmək və onlara çatmaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edirik.
“Artıq çoxlu uğurlu işlər görmüş tərəfdaşlar və təşkilatlar var. Biz bu qurumların ən yaxşı təcrübələrindən istifadə etmək üçün onlarla əməkdaşlığa başlamaq qərarına gəldik. İlk hesabatımızı 2025-ci ildə təqdim etdik və bu, bizim üçün böyük uğur oldu.
SOCAR emissiyaları azaltmaq üçün peyklərdən, dronlardan və yerüstü ölçmələrdən istifadə edir. BMT-nin Ətraf Mühit Proqramının MARS (Methane Alert and Response System) təşəbbüsü ilə də əməkdaşlıq edirik.
Bildiyiniz kimi, MARS enerji şirkətlərinə potensial emissiyalar barədə məlumat təqdim edir və biz bu emissiya məlumatlarını alan şirkətlərdən biriyik”,- deyə o bildirib.
M.Qurbanlı vurğulayıb ki, bu proqram sayəsində 100 milyon kubmetrdən çox emissiyanın qarşısını almağa və həmin qazı yenidən sistemə qaytarmağa nail olduq.
“Əlbəttə ki, dronlar da energetika sənayemizin vacib hissəsinə çevrilir və SOCAR emissiyalarımızın ölçülməsində beynəlxalq və yerli şirkətlərlə sıx əməkdaşlıq edir”,- deyə o əlavə edib.
Qeyd edək ki, 11 sentyabradək Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
İqlim gündəliyində mühüm beynəlxalq platformaya çevrilən Bakı bu tədbirlər çərçivəsində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müzakirələrə ev sahibliyi edir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.
Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.