Bakı.Trend:
COP31 - Antalyada iqlim öhdəliklərinin həyata keçirilməsinə həsr olunmuş konfransa çevrilməlidir.
Trend-in müxbiri xəbər verir ki, bunu COP30-un baş direktoru Ana Toni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində çıxışı zamanı deyib.
“Biz çox şey vəd edə bilərik, lakin bu vədləri həyata keçirməsək, dəyişdirilməsi zəruri olan dünyanı dəyişə bilməyəcəyik və açıq-aydın, müdafiə etməli olduğumuz insanları qoruya bilməyəcəyik”, – deyə Toni bildirib.
O qeyd edib ki, COP30 çərçivəsində üç əsas məqsəd müəyyənləşdirilib: çoxtərəfliliyin gücləndirilməsi, iqlimlə bağlı qərarların icrasının sürətləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizədə cəmiyyətin iştirakının genişləndirilməsi. “COP30-da hesab edirik ki, hazırda üzləşdiyimiz olduqca mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, çoxtərəflilik məsələsində irəliləyişə nail olmuşuq. 194 ölkənin konsensusu ilə 56 qərarı razılaşdırdıq. Hamımızın yaşadığı bu dövrdə bu, heç də kiçik nəticə deyil”, – deyə Toni bildirib.
Onun sözlərinə görə, ikinci məqsəd çərçivəsində müxtəlif qrupların iqlim gündəliyində daha ardıcıl iştirakını təmin etməli olan beşillik fəaliyyət planının razılaşdırılmasına nail olunub. “Birlikdə Fəaliyyət Gündəliyinin beşillik planlarını razılaşdıra bildik”, – deyə o qeyd edib.
Toni vurğulayıb ki, iqlim tədbirləri BMT-nin hər il keçirilən konfransları ilə məhdudlaşmamalıdır. “Biz sadəcə bir COP-dan digərinə keçə bilmərik, Bakı və gələcək Antalya kimi gözəl şəhərlərdə ildə bir dəfə iki həftə ərzində görüşə bilmərik. İqlimlə bağlı tədbirlər isə hər gün həyata keçirilməlidir”, – deyə o bildirib.
Bu baxımdan o, COP-lar arasındakı dövrdə işin davam etdirilməsi üçün iqlim həftələrini mühüm vasitə adlandırıb və onlarda təkcə danışıqlar aparan nümayəndələrin deyil, digər maraqlı tərəflərin də iştirak etməsinin vacibliyini qeyd edib.
Özəl sektorun rolundan danışan Toni vurğulayıb ki, iqlim investisiyalarına məqsədin özü kimi deyil, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması vasitəsi kimi yanaşılmalıdır. “Biz investisiyalardan danışdıq – bu, vacibdir, lakin investisiyalar məqsədə çatmaq vasitəsidir, məqsəd isə iş yerlərinin yaradılması və insanların rifahının təmin edilməsidir. Məhz buna görə iqlim dəyişikliyi həqiqətən vacibdir”, – deyə o bildirib.
Toni həmçinin qeyd edib ki, iqlim dəyişikliyinin nəticələri getdikcə daha aydın görünür və 1,5 dərəcə Selsi həddinin aşılması artıq reallığa çevrilir. “Lakin qərarlar vasitəsilə bu həddin aşılması müddətini və aşılma dərəcəsini azaltmaq imkanımız var. Vəziyyəti dəyişmək bizim əlimizdədir”, – deyə COP30-un rəhbəri vurğulayıb.
O əlavə edib ki, iqlimlə bağlı qərarların praktiki icrasına keçid müxtəlif iqtisadiyyat və cəmiyyət sektorları üçün imkanlar yaradır, çünki dünya qarşısında eyni zamanda həm karbonsuzlaşdırma, həm də iqlim dəyişikliyinə uyğunlaşma vəzifələrini həll etmək dayanır.
Qeyd edək ki, 11 sentyabradək Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
İqlim gündəliyində mühüm beynəlxalq platformaya çevrilən Bakı bu tədbirlər çərçivəsində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müzakirələrə ev sahibliyi edir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.
Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.