Bakı. Trend:
Bu ilin sonuna qədər külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağını gözləyirik.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, son enerji böhranları, eləcə də elektrikləşmə, rəqəmsallaşma, süni intellekt və məlumat mərkəzlərinin yaratdığı artan enerji tələbatı göstərib ki, qalıq yanacaqlardan tələsik imtina uğurlu enerji keçidi demək deyil.
“Əsas məsələ bütün ekoloji problemlərin həllinə imkan verən təmiz, təhlükəsiz və dayanıqlı enerji sisteminin optimal templə qurulmasıdır. Bu yeni reallıqda yeni generasiya güclərinin yaradılması ilə yanaşı, elektrik şəbəkələrinin inkişafı, enerji saxlanc sistemləri, enerji səmərəliliyi və enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi də eyni dərəcədə vacibdir”, - deyə P.Şahbazov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın COP29 sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər məhz bu yanaşmaya əsaslanıb.
“Bu günə qədər 74 ölkə Qlobal Enerji Saxlanması və Şəbəkələr üzrə Öhdəliyə, 70 ölkə Hidrogen Bəyannaməsinə, 64 ölkə isə Yaşıl Enerji üzrə Öhdəliyə qoşulub”, - nazir qeyd edib.
P.Şahbazov Azərbaycanın enerji siyasətində Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas prinsip olduğunu bildirib.
“Bu strateji baxış enerji təhlükəsizliyini yaşıl keçidlə uzlaşdırmaq, Azərbaycanın mövcud enerji potensialından dayanıqlı və aşağı karbonlu enerji sisteminin qurulmasında istifadə etmək, eyni zamanda, enerji əlaqələrinin şaxələndirilməsi hesabına ölkəmizin regional "yaşıl enerji" mərkəzi kimi mövqeyini gücləndirməkdən ibarətdir”, - deyə o əlavə edib.
Nazirin sözlərinə görə, hazırda ümumi gücü təxminən 8 QVt olan günəş və külək enerjisi layihələrinin icrası ilə yanaşı, elektrik şəbəkələri gücləndirilir, enerji saxlanc sistemləri tətbiq olunur, enerji sisteminin çevikliyi artırılır və yeni enerji interkonnektorları yaradılır.
“Artıq nəticələr enerji balansımızda özünü göstərir. Bu ilin sonuna qədər külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağını gözləyirik”, - P.Şahbazov deyib.
O bildirib ki, gələn ilin sonuna qədər təxminən 2 QVt günəş və külək enerjisi gücünün elektrik şəbəkəsinə inteqrasiyası planlaşdırılır.
“Bu, hər il 2,4 milyon ton emissiyanın azaldılmasına imkan verəcək”, - energetika naziri əlavə edib.
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.