Bakı. Trend:
Fransa Kommunist Partiyasının milli katibi Fabyen Russel 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyini təsdiqləyib.
O, bununla bağlı açıqlamanı TF1 telekanalının efirində verib.
“Bəli, prezident seçkilərində namizədliyimi irəli sürürəm”, - deyə siyasətçi bildirib. O əlavə edib ki, bu addımı partiya yoldaşlarının 72 faizi dəstəkləyib. Russel ölkə üçün vətəndaşlara “öz əməyinin hesabına yaşamağa” imkan verəcək “radikal dəyişikliklər layihəsi” hazırladığını bildirib.
Russel həmçinin “işləyən, sərvət yaradan, təbiətə və işçilərə hörmət edən Fransanı bərpa edəcəyinə” söz verib. Xüsusilə, seçkilərdə qalib gələcəyi təqdirdə, respublikanın ÜDM-də sənayenin payını iki dəfə artırmaqla “reindustrializasiya” həyata keçirməyi planlaşdırır. O, həmçinin atom elektrik stansiyalarında enerji istehsalını iki dəfə artırmaq hesabına karbon tullantılarının azaldılmasını nəzərdə tutan “iqlim planını” həyata keçirməyi vəd edib. Bundan başqa, seçki kampaniyası zamanı siyasətçi dələduzluq və vergidən yayınmaya qarşı mübarizəyə xüsusi diqqət yetirmək niyyətindədir.
Fransada prezident seçkilərinin birinci turunun 2027-ci il aprelin 18-də keçirilməsi planlaşdırılır. Həmin gün prezidentliyə namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu toplaya bilməsə, seçicilərin ən çox dəstəyini qazanan iki namizəd mayın 2-də keçiriləcək ikinci turda mübarizə aparacaq.
Şənbə günü dərc olunan "İpsos" şirkətinin ictimai rəy sorğusunun nəticələrinə əsasən, seçkilərin birinci turunun əsas favoriti “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen hesab olunur. Sorğuda iştirak edənlərin 34-36 faizinin ona səs verməyə hazır olduğu bildirilib.
Namizədlərin yekun olaraq hansılarının rəsmi qeydiyyatdan keçməsindən asılı olaraq, ikinci turda Le Penin rəqibləri “Tabe olmayan Fransa” hərəkatının təsisçisi Jan-Lük Melenşon (birinci turda 15-17 faiz), “Üfüqlər” partiyasının lideri Eduar Filip (14,5-22,5 faiz), “Renessans” partiyasının lideri Qabriel Attal (7,5-15,5 faiz) və ya “İctimai Tribuna” partiyasının namizədi Rafael Qlyuksman (11,5-14 faiz) ola bilər.
Sorğunun nəticələrinə görə, Russel birinci turda seçicilərin ümumi səslərinin 2,5-3,5 faizini toplaya bilər.