Bakı. Trend:
Sürüşmə təhlükəsinin ən yüksək, beşinci səviyyəsi eyniadlı şəhərin yerləşdiyi Yakuşima adasında (Kaqoşima prefekturası) elan edilib.
Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bölgədə davam edən leysan yağışları genişmiqyaslı sürüşmə təhlükəsinə səbəb olub. Son 24 saat ərzində Yakuşima ərazisinə 490 mm-dən çox yağıntı düşüb ki, bu da müşahidələrin aparıldığı bütün dövr ərzində rekord göstəricidir. Eyni zamanda, sentyabrın 3-dən etibarən burada yağıntının ümumi miqdarı təxminən 800 mm təşkil edib.
Meteorologiya İdarəsi sürüşmələrin artıq başlamış ola biləcəyi barədə xəbərdarlıq edərək yerli sakinləri “həyatlarını xilas etməyə yönəlmiş tədbirlər görməyə” çağırıb. Yaponiyanın Baş naziri Sanae Takaichi də X sosial şəbəkəsində Yakuşima sakinlərinə eyni çağırışı edib və əhalidən yerli hakimiyyət orqanlarının və xilasetmə xidmətlərinin göstərişlərinə əməl etmələrini xahiş edib.