Bakı. Trend:
Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyi ilə bağlı yeni qaydalar qüvəyyə minəcək.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, koksidiostat və ya histomonostatlar heyvanlarda bəzi parazitar xəstəliklərin qarşısının alınmasında istifadə olunan maddələrdir. Bəzən bu maddələr yemə məqsədli şəkildə əlavə edilməsə də, istehsal zamanı çarpaz çirklənmə nəticəsində yemə, daha sonra isə heyvan mənşəli qida məhsullarına keçə bilər.
Qeyd edilib ki, yeni sanitariya norma və qaydaları məhz belə hallarda qida məhsullarında yol verilən maksimum qalıq miqdarlarını müəyyən edir.
Qaydalar 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.
"Məqsəd insan sağlamlığının qorunması və heyvan mənşəli qidaların təhlükəsizliyinin təmin edilməsidir.
Bu qaydalar yemə məqsədli şəkildə əlavə olunan koksidiostat və histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum qalıq miqdarlarına şamil edilmir", - deyə məlumatda bildirilib.