Bakı.Trend:
Nepalda baş vermiş dağıdıcı sel ölkəyə ən azı 2,56 milyard dollar məbləğində ziyan vurub. Söhbət əmlak, yaşayış evləri və infrastruktura dəyən ümumi ziyandan gedir.
Bu barədə “Reuters” agentliyi ölkənin Təbii Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin rəhbəri Dharma Rac Upretiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ilk dörd ay ərzində yolların tikintisi, müvəqqəti sığınacaqların yaradılması, eləcə də əhalinin içməli su və elektrik enerjisi ilə təmin edilməsi üzrə bərpa işlərinə təxminən 52,6 milyon dollar tələb olunacaq.
Avqustun 26-da Nepalın şimalında güclü sel baş verib. Təbii fəlakətə Çin sərhədində, “Rasuvagadhi” sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən uçqun səbəb olub. Dağ süxurlarından ibarət kütlə böyük sürətlə çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş ərazini su altında qoyub.