Bakı.Trend:
ABŞ-nin "Lummus Technology" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın neft emalı güclərinin artırılması üzrə yol xəritəsi hazırlayır.
Bu barədə "Lummus" şirkətinin Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti və idarəedici direktoru Fadi Mxaini Trend-ə bildirib.
Xatırladaq ki, "Lummus" və SOCAR bu ilin iyunun əvvəlində Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində Strateji Əməkdaşlıq Sazişi imzalayıblar.
"Lummus" şirkətinin baş ofisi ABŞ-nin Texas ştatının Hyuston şəhərində yerləşir. Şirkət müxtəlif növ xammalın emalı, qızdırıcı qurğular, katalizatorlar və rəqəmsallaşmadan tutmuş son məhsulun istehsalınadək bütün dəyər zənciri üzrə təcrübəyə malik azsaylı texnologiya təchizatçılarından biridir.
"Lummus Azərbaycanın neft-kimya və neft emalı infrastrukturunun modernləşdirilməsi üçün qabaqcıl texnoloji həllərini SOCAR-ın dərin əməliyyat və mühəndislik bilikləri, eləcə də şirkətin bazar sahəsindəki təcrübəsi ilə birləşdirəcək. Birgə şəkildə Azərbaycanın neft emalı və neft-kimya güclərinin gücləndirilməsi, əməliyyat səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması, həmçinin uzunmüddətli dayanıqlılığın təmin edilməsi üzrə yol xəritəsi hazırlayırıq", - deyə Mxaini bildirib.
Vitse-prezident qeyd edib ki, "Lummus"un portfelinə 170-dən çox texnologiya daxildir və bu portfel sənayedə ən əhatəli və müxtəlif portfellərdən biridir.
"Buna görə də biz öz portfelimizə, eləcə də müştərilərimizin qarşısında duran ən mürəkkəb məsələlərin həllindəki təcrübəmizə əsaslanacağıq", - deyə o bildirib.
Onun sözlərinə görə, şirkət SOCAR ilə birlikdə şirkətin strateji məqsədlərinə ən yaxşı şəkildə uyğun gələn həllər hazırlayacaq.
SOCAR ilə əməkdaşlığın genişləndirilməsi imkanları
Mxaini qeyd edib ki, "Lummus"un texnoloji həlləri və şirkətin layihələrin həyata keçirilməsi sahəsindəki təcrübəsi müştərilərə inkişaf və modernləşmənin müxtəlif mərhələlərində dəstək göstərməyə imkan verir.
"Biz hazırkı sazişi və müvafiq çərçivəni daha geniş əməkdaşlıq imkanlarının araşdırılması zamanı çevikliyi təmin edəcək şəkildə hazırlamışıq. Əməkdaşlığın ilkin istiqamətləri həyata keçirildikcə, güclərin və daha yüksək əlavə dəyərə malik neft-kimya və neft emalı məhsullarının istehsalının optimallaşdırılması üçün imkanlar yarana bilər. Bundan əlavə, "Lummus" və SOCAR-ın ümumi məqsədlərinə uyğun olan karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf sahəsində təşəbbüslərin həyata keçirilməsinin sürətləndirilməsi üçün əhəmiyyətli potensial görürük", - deyə o əlavə edib.
O vurğulayıb ki, Azərbaycan neft emalı sektorunun inkişafına böyük diqqət yetirən mühüm enerji və sənaye mərkəzidir.
""Lummus" texnoloji əməkdaşlığın inkişafına və ölkənin iqtisadi tərəqqisinə töhfə verən imkanlara açıqdır. SOCAR Azərbaycanın enerji sektorunun inkişafı məqsədilə aparıcı beynəlxalq tərəfdaşlarla əməkdaşlığa sadiqliyini nümayiş etdirib. Biz öz imkanlarımızı və təcrübəmizi təqdim etməklə bu səylərə töhfə verməkdən məmnunuq. Bilik mübadiləsi və yerli maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət layihələrin uzunmüddətli uğurunun mühüm elementləridir və SOCAR ilə sazişimiz "Lummus"un Azərbaycandakı mövcudluğunun dərinləşdirilməsi istiqamətində mühüm ilk addımdır", - deyə Mxaini yekunlaşdırıb.