Bakı.Trend:
Qazaxıstanın “KazTransOil” şirkəti Qırğızıstana ilk tranzit neft tədarükünü həyata keçirib.
Bu barədə şirkət açıqlama yayıb.
“Qırğızıstan Respublikasına ilk neft partiyası bu il avqustun 15-də göndərilib. Ümumilikdə, 2026-cı ilin avqust ayında Qazaxıstan üzərindən Qırğızıstana tranzit neft tədarükünün həcmi 35 000 ton təşkil edib”, - şirkətdən bildirilib.
Qırğızıstana neft nəqli Qazaxıstanın magistral neft kəmərləri sistemi vasitəsilə “KazTransOil” şirkətinin Şagır neft yükləmə məntəqəsinədək həyata keçirilir və burada neft dəmir yolu sisternlərinə yüklənir.
“Qırğızıstana tranzit tədarükünə başlanılması Qazaxıstan üzərindən yeni neft nəqli marşrutunun açılmasına və “KazTransOil” tərəfindən göstərilən tranzit xidmətlərinin çeşidinin genişlənməsinə imkan verir”, - şirkətdən bildirilib.
“KazTransOil” Qazaxıstanın daxili bazar, tranzit və ixrac məqsədləri üçün neft nəqli xidmətləri göstərən neft kəmərləri şirkətidir. Şirkətin magistral neft kəmərlərinin ümumi uzunluğu 5 196 kilometrdir.