Bakı. Trend:
Sentyabrın 1-dən Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə müxtəlif ixtisaslı həkimlərin əməkhaqqının artımı uzun illərdir davamlı inkişaf edən İcbari Tibbi Sığorta sisteminin təkmilləşdirilməsi və tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində növbəti mühüm addımdır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Soltan Məmmədov deyib.
S.Məmmədov bildirib ki, bu artımlar İcbari Tibbi Sığorta sisteminin inkişaf etməsinə, həmçinin bu sahədə mövcud olan bir sıra problemlərin - ambulator, ilkin səhiyyə xidmətinin, təcili tibbi yardım sisteminin gücləndirilməsi və ən əsası regionlarda mövcud olan kadr çatışmazlığı problemlərinin həlli üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə xidmət edəcək.
Deputat 72 212 tibb işçisini əhatə edəcək əməkhaqqı islahatının çoxşaxəli olmasının sevindirici hal olduğunu vurğulayıb:
"İslahatlar həm seçilmiş ixtisaslar, həm görülən işin keyfiyyəti, həm də bəzi səhiyyə xidmətləri və regionlardakı həkimlərin iş rejimlərinin yaxşılaşdırılması, ixtisaslı həkimlərin regionlara cəlb olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsinə istiqamətlənib. İslahatlara müvafiq olaraq TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb".
“Bu gün bir sıra həkimlərimizin, xüsusilə də, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının, neonatoloqların, hemodializ həkimlərinin maaşlarının 60, 70 və hətta 100 %-dək artırılması bu istiqamətdə olan xidmətlərin keyfiyyətlərinin artırılmasına, həkim fəaliyyətinin stimullaşdırılmasına səbəb olacaq. Eyni zamanda, Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan işin nəticəsinə əsasən əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək ki, bu da tibb xidmətlərinə əlçatanlığı təmin edəcək”, – deyə millət vəkili qeyd edib.
S.Məmmədov diqqətə çatdırıb ki, islahatlar çərçivəsində təcili tibbi yardım xidmətində çalışan həkimlərin də əməkhaqlarında müvafiq artımlar müşahidə ediləcək. Məsələn, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində, habelə tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin maaşlarında 61% artım gözlənilir.
Deputat mövcud islahatların ambulator sahədə çalışan sahə həkimlərini, həmçinin bir sıra tibb müəssisələrində baş tibb bacılarını, orta və kiçik tibb heyətini də əhatə etdiyini vurğulayıb. Belə ki, 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək.
Millət vəkili əlavə edib ki, TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən uğurlu səhiyyə siyasəti və bu sahədə aparılan məqsədyönlü islahatlar üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kimi təşəbbüs və qərarları sözügedən sahənin inkişafı üçün böyük yardım və dəstəkdir.