Bakı. Trend:
Almaniyaya işgüzar səfər çərçivəsində Azərbaycanın təmiz hidrogen layihələrinin beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına çıxışı və bu sahədə əməkdaşlıq imkanları “H2Global” Fondu ilə müzakirə edilib.
Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.
Belə ki, cari ilin 31 avqust tarixində Almaniyaya təşkil olunan səfər çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova, Maliyyə şöbəsinin müdiri Rəqsanə Paşayeva və Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin layihə koordinatoru Nigar Şükürova ilə “H2Global” Fondunun həmtəsisçisi Timo Bollerhey arasında görüş keçirilib.
Görüşdə təmiz hidrogen və digər aşağı karbonlu yanacaq bazarlarının inkişafını təşviq edən “H2Global” mexanizmi, onun fəaliyyət prinsipləri, beynəlxalq layihələrin maliyyələşdirilməsi və təmiz hidrogen məhsullarının istehsalçı ölkələrdən Avropa bazarlarına çatdırılması imkanları barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, “H2Global” mexanizmi təmiz hidrogen və onun törəmələri üzrə beynəlxalq bazarın formalaşdırılmasını dəstəkləyən innovativ mexanizmlərdən biridir. Mexanizm çərçivəsində “H2Global” Fondunun törəmə şirkəti olan “Hintco GmbH” tərəfindən istehsalçılardan uzunmüddətli müqavilələr əsasında təmiz hidrogen və onun törəmələri, o cümlədən yaşıl ammonyak, e-metanol və SAF alınır və qısamüddətli müqavilələr əsasında Avropa bazarlarında son istehlakçılara tədarük olunur. Tərəflər Azərbaycan layihələrinin gələcəkdə “H2Global” mexanizmi çərçivəsində keçiriləcək tenderlərdə iştirak imkanlarını, potensial layihələr üçün uyğunluq meyarlarını, eləcə də uzunmüddətli hidrogen alış müqavilələrinin layihələrin maliyyələşdirilməsinə və investisiya qərarlarının qəbul edilməsinə təsirini müzakirə ediblər.
Görüşdə, həmçinin hidrogen layihələrinin beynəlxalq bazarlara çıxışı baxımından sertifikatlaşdırma və davamlılıq meyarları, eləcə də Avropa İttifaqının müvafiq normativ tələblərinin layihələrin ilkin mərhələlərindən nəzərə alınmasının əhəmiyyəti vurğulanıb. Tərəflər hidrogen bazarının inkişafı, bilik və təcrübə mübadiləsi, potensialın artırılması və institusional əməkdaşlıq istiqamətlərində mümkün əməkdaşlıq imkanlarını da müzakirə ediblər.
Görüş zamanı ölkədə təmiz hidrogen istehsalının inkişafı istiqamətində həyata keçirilən işlər, qanunvericilik və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsinə dair “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədinin Tətbiqi Planı”nın hazırlanması çərçivəsində görülən işlər barədə məlumat verilib.
Görüş Azərbaycanın beynəlxalq təmiz hidrogen bazarlarında potensial iştirak imkanlarının öyrənilməsi, ölkənin gələcəkdə təmiz hidrogen və onun törəmələrinin potensial təchizatçısı kimi mövqeyinin gücləndirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli olub.
Azərbaycan elektrik enerjisi istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas prioritetlərindən biridir. Hazırda ölkədə BP, Masdar, ACWA Power, China Gezhouba Group Overseas Investment, SOCAR Green və digər tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələri icra olunur. Bu layihələrin reallaşdırılması nəticəsində yaxın illərdə Azərbaycanın enerji balansına minlərlə meqavat yeni istehsal gücü əlavə olunacaq ki, bu da təbii qaza daxili tələbatı azaldaraq daha çox qazın ixracına imkan verəcək.
Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu layihələrin nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43 faizə çatdırılması nəzərdə tutulur.
Nazir bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə qonşu regionlar arasında yeni enerji və investisiya platformasının formalaşdırılması istiqamətində strateji layihələr həyata keçirir. Onun sözlərinə görə, əsas təşəbbüslərdən biri Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir.
"Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizinin yaradılması ölkələrimizin strateji baxışının tərkib hissəsidir. Bu layihə Xəzər dənizi vasitəsilə Avropa, Asiya və Çin arasında yaşıl enerji körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün də geniş imkanlar yaradır", – deyə Pərviz Şahbazov vurğulayıb.
Nazirin sözlərinə görə, Bakı şəhərində yerləşən "Green Corridor Alliance" birgə müəssisəsi artıq fəaliyyət göstərir və Asiya İnkişaf Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırma işlərini əlaqələndirir. Bununla yanaşı, "Xəzər–Qara dəniz–Avropa" Yaşıl Enerji Dəhlizi, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji interkonnektorları üzrə də intensiv işlər davam etdirilir. Pərviz Şahbazov bildirib ki, "yaşıl enerji dəhlizləri gələcəyin geoiqtisadi xəritəsini formalaşdırır" və bu təşəbbüslər yalnız enerji ixracını deyil, həm də rəqəmsal bağlantıların, fiber-optik infrastrukturun və regional iqtisadi əməkdaşlığın inkişafını stimullaşdıracaq.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Trend-ə eksklüziv müsahibəsində bildirib ki, ölkə Avropa və Mərkəzi Asiya arasında yaşıl enerji körpüsünün formalaşmasında getdikcə daha mühüm rol oynayır.
"Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional enerji bağlantılarının və yaşıl enerji dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq", – deyə Cavid Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı, yeni elektrik ötürücü xətlərin yaradılması və "Xəzər–Qara dəniz–Avropa" yaşıl enerji dəhlizi kimi təşəbbüslər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək.
”Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri qazandırmaqla yanaşı, daxili enerji balansının optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq", – deyə o əlavə edib.