Bişkek. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının əsas prinsiplərinin BMT Baş Assambleyasının xüsusi qətnaməsində təsbit olunmasını təklif edib.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Tokayev Bişkekdə keçirilən “ŞƏT plus” formatında yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.
“Beynəlxalq münasibətlər sistemi dərin transformasiya dövrünə qədəm qoyub və gözlərimiz qarşısında yeni dünya nizamı formalaşır. Çoxqütblü dünyanın formalaşması geosiyasi gərginliyin artması, etimad böhranı və qlobal idarəetmə mexanizmlərinin zəifləməsi ilə müşayiət olunur. Qazaxıstan dövlətlərin suveren bərabərliyi və beynəlxalq hüququn aliliyi əsasında beynəlxalq birliyi möhkəmləndirən çoxqütblülüyün ardıcıl tərəfdarıdır. Bizim ümumi strateji vəzifəmiz güc və qarşıdurma kultunun qarşılıqlı məsuliyyət, birgə inkişaf və uzunmüddətli əməkdaşlıq məntiqini əvəz edəcəyi dünya nizamını formalaşdırmaqdır”, - deyə Tokayev bildirib.
Onun sözlərinə görə, ŞƏT-in çoxillik təcrübəsi “Şanxay ruhu”nun beynəlxalq arenada belə qarşılıqlı fəaliyyətin nümunəvi modeli olduğunu inandırıcı şəkildə təsdiqləyir.
“Bərabərlik və konsensus prinsipləri təşkilatımızın fəaliyyətində çoxtərəfli əməkdaşlığın və həqiqi multilateralizmin uğurlu inkişafının müəyyən qızıl standartına çevrilib. Buna görə də təklif edirəm ki, Şanxay Əməkdaşlıq Təşkilatının əsas prinsipləri Beynəlxalq Multilateralizm və Sülh naminə Diplomatiya Günü münasibətilə BMT Baş Assambleyasının xüsusi qətnaməsində təsbit olunsun”, - deyə Tokayev bildirib.