Bişkek.Trend:
Qazaxıstan Çinin ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
“Qazaxıstan Çinin ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir. Hesab edirik ki, bu bankın resurslarını ilk növbədə infrastruktur, texnologiya və sənaye layihələrinə yönəltmək məqsədəuyğundur. Üzv dövlətlərin konsensusu olduğu təqdirdə, Qazaxıstan bu institutu, onun baş qərargahını öz ərazisində yerləşdirə bilər”, - deyə Kasım-Jomart Tokayev bildirib.
Dövlət başçısı ticari-iqtisadi və investisiya tərəfdaşlığının genişləndirilməsinin strateji əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, birgə səylər nəticəsində ŞƏT ölkələrinin qarşılıqlı əmtəə dövriyyəsi inamla 1 trilyon dollara yaxınlaşır.
“Lakin bizim fikrimizcə, iqtisadi qarşılıqlı əlaqəlilik hələ mövcud imkanlara tam uyğun gəlmir. ŞƏT-ə üzv dövlətlərin resurs, istehsal və texnoloji potensialından maksimum istifadə etmək, yeni inkişaf nöqtələri və dayanıqlı işgüzar əlaqələr yaratmaq vacibdir. Qazaxıstan minimum maneələrin, rəqəmsal prosedurların və inkişaf etmiş nəqliyyat-logistika qarşılıqlı əlaqələrinin mövcud olduğu geniş ŞƏT ticarət-investisiya məkanının formalaşdırılmasının tərəfdarıdır. Razılaşmalardan konkret təşəbbüslərə keçməyi vacib hesab edirik. Pilot sənaye konsorsiumları mexanizminin tətbiqini təklif edirik. Bu mexanizm dövlətlərə bütün iştirakçıların qoşulmasını gözləmədən, layihələrə hazır olduqları müddətdə onları həyata keçirməyə imkan verəcək. Uğurlu təşəbbüslər bütün Təşkilat miqyasında genişləndirilə bilər”, - deyə prezident bildirib.
Tokayevin fikrincə, fəaliyyət göstərən sərhədyanı əməkdaşlıq mərkəzlərinin bazasında ŞƏT-in transsərhəd ticarət zonalarının fəaliyyətə başlaması mühüm addım ola bilər.
“Bu, sadələşdirilmiş əmtəə mübadiləsinin, rəqəmsal prosedurların və qarşılıqlı hesablaşmaların müasir mexanizmlərinin sınaqdan keçirilməsinə imkan verəcək”, - deyə prezident bildirib.