Bakı. Trend:
Kolumbiya silahlı qüvvələri ləğv edilmiş Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) üsyançı təşkilatının keçmiş üzvləri tərəfindən yaradılmış silahlı qruplaşmalardan birinin düşərgəsinə hava zərbəsi endirib. Nəticədə 20 silahlı məhv edilib.
Bu barədə ölkə Prezidenti Abelardo de la Esprielya məlumat verib.
“Quaviare departamentində silahlı qüvvələrimiz narkoterrorçu İvan Mordiskonun rəhbərlik etdiyi qruplaşmanın düşərgəsinə hava zərbəsi endirib. Biz 20 silahlını məhv etdik, daha 5 nəfəri ələ keçirdik və düşərgədə olan 2 yetkinlik yaşına çatmayan şəxsi azad etdik”, — deyə o, "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanan videomüraciətində bildirib.
Kolumbiya Prezidenti əməliyyat çərçivəsində həyata keçirilən zərbəni əlamətdar adlandırıb.
“Öldürülənlər arasında əməliyyatın əsas hədəfini — “Karolina Ramires” qruplaşmasının “Tiqr Sans” ləqəbli rəhbərini müəyyənləşdirmişik. Bu quldur Mordiskonun etibar etdiyi şəxslərdən biri olub”, — de la Esprielya deyib.
O bildirib ki, hərbçilər düşərgədə 26 avtomat, 4 pulemyot, 3 tapança və hərbi avadanlıq götürüblər.
De la Esprielya 2026-cı il avqustun 7-də vəzifəsinin icrasına başlamazdan əvvəl ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalarla danışıqlara cavabdeh olan sülh məsələləri üzrə müvəkkil ofisini ləğv edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, hökumət “saxta sülh prosesləri” ilə məşğul olmayacaq.
Kolumbiyanın əvvəlki prezidenti Qustavo Petro vəzifəsinin ilk dövründə “total sülh” siyasətini elan etmişdi. Bu siyasət bütün silahlı və cinayətkar qruplaşmalarla onların fəaliyyətinə son qoyulması barədə razılığa gəlmək məqsədilə dialoq aparılmasını nəzərdə tuturdu.