Aİ İspaniya və Yunanıstana Ukraynaya “Patriot” raketləri verməsi üçün təzyiq göstərir
Avropa Komissiyası hava hücumundan müdafiə üçün “Patriot” sistemlərinə aid böyük sayda ələkeçirmə raket ehtiyatına malik olan İspaniya və Yunanıstana bu raketləri Ukraynaya təhvil verməsi üçün təzyiq göstərir.
Bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.
Məsələ sentyabrın 1-2-də Dublində keçiriləcək Aİ-nin müdafiə və xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.
Hazırda İspaniya və Yunanıstan Ukraynanın müttəfiqləri arasında ən böyük “Patriot” raket ehtiyatına malik ölkələr sırasındadır. Söhbət, xüsusilə, PAC-2 ələkeçirmə raketlərindən gedir. Onların bir qisminin istifadə müddəti də başa çatmaq üzrədir.
Bununla yanaşı, Yunanıstan raketləri Ukraynaya verməkdən dəfələrlə imtina edib. Afina bunu Türkiyə ilə gərgin münasibətlər fonunda Yunanıstanın hava məkanını qorumaq üçün bu raketlərə ehtiyacının olması ilə əsaslandırır.
İspaniya isə hələ mart ayında Ukraynaya beş ədəd PAC-2 ələkeçirmə raketi verəcəyini açıqlamışdı.
Aİ diplomatlardan biri bildirib ki, Madrid və Afinanın raketlərdən imtina etmək istəməməsi yeni məsələ deyil. Lakin Ukrayna Prezidenti Vladimir Zelenskinin əlavə sursatların verilməsi üçün hazırda daha fəal səylər göstərməsi fonunda problem getdikcə daha da aktuallaşır. Onun sözlərinə görə, “Patriot” sistemləri Ukrayna üçün “yayın əsas mövzusuna” çevrilib.
Avropa Xarici Fəaliyyət Xidməti həmçinin Cənubi Koreya və Yaponiya ilə “Patriot” ələkeçirmə raketlərinin Ukraynaya verilməsi məsələsi üzrə danışıqlar aparır. Lakin avropalılar bu iki ölkə ilə Çin arasında mövcud gərginliyin belə bir addıma mane ola biləcəyindən ehtiyat edirlər.
Diplomatlardan biri Ukraynanın raket ehtiyatları ilə bağlı problemin “çox ciddi” olduğunu etiraf edib. Bununla belə, çərşənbə axşamı keçiriləcək görüş qeyri-rəsmi xarakter daşıyır və buna görə də konkret nəticə əldə olunacağı ehtimalı azdır.
Hazırda Kiyev Aİ-nin 90 milyard avroluq kredit paketinin növbəti tranşından raket əleyhinə müdafiə sistemlərinin alınması üçün istifadə edib-etməməyi nəzərdən keçirir. Söhbət ya “Patriot” sistemlərindən, ya da onun Fransa-İtaliya istehsalı olan analoqu — SAMP/T NG sistemindən gedir.