Bakı. Trend:
Azərbaycan və Almaniya arasında limanların "yaşıl enerji"yə keçidi müzakirə edilib.
Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin 31 avqust tarixində Almaniyaya təşkil olunan səfər çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova, Maliyyə şöbəsinin müdiri Rəqsanə Paşayeva və Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin layihə koordinatoru Nigar Şükürova ilə Hamburq Liman İdarəsinin (Hamburg Port Authority – HPA) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Avropa İttifaqının limanların 2045-ci ilə qədər yaşıl porta çevirilməsi hədəfindən irəli gələrək Hamburq limanı üçün hazırlanmış strategiyada bu hədəfə 2040-cı ilədək nail olunması qeyd olunub.
Görüş zamanı limanın dekarbonizasiyası istiqamətində həyata keçirilən layihələrin əsasən liman əməliyyatlarının elektrikləşdirilməsi və bu məqsədlə yaşıl sertifikatların istifadə edilməsi ilə yanaşı, liman ərazisində fəaliyyət göstərən sənaye və istehsal müəssisələrində texnoloji proseslərdən emissiyaların azaldılması üçün 100 MVt gücündə “yaşıl” hidrogen istehsalı layihəsi barədə məlumat verilib. Həmçinin port ərazisi üçün “yaşıl” hidrogen və onun törəmələrinin idxalı, saxlanılması, emalı və sonrakı nəqli üçün infrastrukturun yaradılmasına dair ətraflı məlumat təqdim olunub.
Bununla yanaşı, liman ərazisində gəmilərin dayanma müddətində sahildən elektrik enerjisi ilə təmin edilməsi (“shore power”), elektrikləşdirmə infrastrukturunun inkişafı, liman əməliyyatlarından yaranan emissiyaların azaldılması və bərpa olunan enerji mənbələrinin liman fəaliyyətinə inteqrasiyası üzrə tətbiq olunan texniki həllər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın bərpa olunan enerji potensialı, təmiz hidrogen sahəsində həyata keçirilən tədbirlər, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi”nin Tətbiqi planının hazırlanması barədə qarşı tərəfə məlumat verilib. Bundan əlavə, Azərbaycan ilə Almaniya arasında 2026-cı il 21 iyul tarixində Berlində imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamədə “yaşıl” hidrogen və onun törəmələri üzrə layihələrin inkişafı ilə bağlı müəyyən edilmiş əməkdaşlıq istiqamətləri diqqətə çatdırılıb.
Tərəflər, həmçinin limanların enerji keçidində rolu, “yaşıl” enerji daşıyıcılarının təhlükəsiz və səmərəli logistikasının təşkili, hidrogen texnologiyalarının liman əməliyyatlarına inteqrasiyası və liman infrastrukturunun dekarbonizasiyası üzrə qabaqcıl təcrübənin öyrənilməsi məsələlərini müzakirə ediblər. Bu istiqamətlərdə liman tərəfindən həyata keçirilən karbon tutulması, saxlanması və utilizasiyası barədə pilot layihə barədə məlumat verilib.
Görüşdə “yaşıl” hidrogen və onun törəmələrinin beynəlxalq ticarətinin inkişafında limanların strateji əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, liman infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, müvafiq logistika və təhlükəsizlik standartlarının tətbiqi və beynəlxalq enerji dəhlizlərinə inteqrasiya “yaşıl” enerji daşıyıcılarının qlobal bazarlara çıxışının təmin edilməsində mühüm rol oynayır.
Azərbaycan elektrik enerjisi istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas prioritetlərindən biridir. Hazırda ölkədə BP, Masdar, ACWA Power, China Gezhouba Group Overseas Investment, SOCAR Green və digər tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələri icra olunur. Bu layihələrin reallaşdırılması nəticəsində yaxın illərdə Azərbaycanın enerji balansına minlərlə meqavat yeni istehsal gücü əlavə olunacaq ki, bu da təbii qaza daxili tələbatı azaldaraq daha çox qazın ixracına imkan verəcək.
Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu layihələrin nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43 faizə çatdırılması nəzərdə tutulur.
Nazir bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə qonşu regionlar arasında yeni enerji və investisiya platformasının formalaşdırılması istiqamətində strateji layihələr həyata keçirir. Onun sözlərinə görə, əsas təşəbbüslərdən biri Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir.
"Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizinin yaradılması ölkələrimizin strateji baxışının tərkib hissəsidir. Bu layihə Xəzər dənizi vasitəsilə Avropa, Asiya və Çin arasında yaşıl enerji körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün də geniş imkanlar yaradır", – deyə Pərviz Şahbazov vurğulayıb.
Nazirin sözlərinə görə, Bakı şəhərində yerləşən "Green Corridor Alliance" birgə müəssisəsi artıq fəaliyyət göstərir və Asiya İnkişaf Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırma işlərini əlaqələndirir. Bununla yanaşı, "Xəzər–Qara dəniz–Avropa" Yaşıl Enerji Dəhlizi, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji interkonnektorları üzrə də intensiv işlər davam etdirilir. Pərviz Şahbazov bildirib ki, "yaşıl enerji dəhlizləri gələcəyin geoiqtisadi xəritəsini formalaşdırır" və bu təşəbbüslər yalnız enerji ixracını deyil, həm də rəqəmsal bağlantıların, fiber-optik infrastrukturun və regional iqtisadi əməkdaşlığın inkişafını stimullaşdıracaq.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Trend-ə eksklüziv müsahibəsində bildirib ki, ölkə Avropa və Mərkəzi Asiya arasında yaşıl enerji körpüsünün formalaşmasında getdikcə daha mühüm rol oynayır.
"Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional enerji bağlantılarının və yaşıl enerji dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq", – deyə Cavid Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı, yeni elektrik ötürücü xətlərin yaradılması və "Xəzər–Qara dəniz–Avropa" yaşıl enerji dəhlizi kimi təşəbbüslər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək.
”Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri qazandırmaqla yanaşı, daxili enerji balansının optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq", – deyə o əlavə edib.


