Bakı. Trend:
Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) iştirak Qırğızıstanın çoxvektorlu xarici siyasət kursunu dəstəkləyir. Təşkilat Çin, Rusiya, Hindistan və Mərkəzi Asiya ölkələri də daxil olmaqla Avrasiyanın əsas dövlətlərini vahid platformada bir araya gətirir.
Bu barədə Trend-ə Qırğızıstan Respublikası Prezidentinin yanında Milli Strateji Təşəbbüslər İnstitutunun Analitika və Koordinasiya Fəaliyyəti Şöbəsinin baş eksperti Temirlan Razbayev bildirib.
“ŞƏT Qırğızıstanın çoxvektorlu siyasət kursunu dəstəkləyir. Çünki təşkilatda Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiyanın dörd ölkəsi – Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan təmsil olunur. Bu, Bişkekə təhlükəsizlik, ticarət və infrastruktur məsələlərini eyni vaxtda Avrasiyanın əsas güc mərkəzləri ilə müzakirə etməyə imkan verir. Qırğızıstan üçün konkret institusional nəticələrdən biri ŞƏT-in Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə mərkəzinin Bişkekdə yerləşdirilməsidir”, – deyə o bildirib.
O xatırladıb ki, Bakı 2015-ci ildən ŞƏT-in dialoq üzrə tərəfdaşıdır və 2025-ci ildə Tyançzində keçirilən “ŞƏT plus” formatında görüşdə iştirak edib.
“İyulun 31-də Qırğızıstan və Azərbaycan müttəfiqlik münasibətləri haqqında Müqavilə, həmçinin avtomobil və yük daşımaları, gəmiçilik, 2026-2028-ci illər üçün energetika, kibertəhlükəsizlik, maliyyə bazarı və qiymətli metallar sahələrini əhatə edən sənədlər paketi imzalayıb. Bu razılaşmaların yalnız ŞƏT sayəsində yarandığını iddia etmək düzgün olmazdı – onlar ikitərəfli yaxınlaşmanın nəticəsidir. Bununla belə, ŞƏT ikitərəfli mexanizmləri ümumi siyasi platforma ilə tamamlayır və Qırğızıstanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici həlqə kimi mövqeyini gücləndirir”, – deyə Razbayev əlavə edib.
Qırğızıstanın bu il sammitə ev sahibliyi etməsi və tədbirə böyük diqqətin yönəlməsi fonunda qarşıdakı ŞƏT sammitindən əsas gözləntilərin nədən ibarət olduğu barədə sualı cavablandıran ekspert bildirib ki, əsas gözlənti siyasi razılaşmaların icra mexanizmlərinə çevrilməsidir.
“Dövlət başçıları Şurasının iclası 2026-cı il sentyabrın 1-nə planlaşdırılıb, “ŞƏT plus” formatında yüksək səviyyəli tədbirlər isə avqustun 31-də və sentyabrın 1-də keçiriləcək. İyulun 24-də xarici işlər nazirləri ŞƏT-in 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsinin, tematik bəyanatların və digər qərarların layihələrini əsas kimi qəbul ediblər. Buna görə də sammitə qədər sənədlərin yekun paketini təsdiqlənmiş hesab etmək hələ mümkün deyil.
Mən nəticəni üç meyar əsasında qiymətləndirərdim: ŞƏT-in müqavilə-hüquq bazasının və mexanizmlərinin modernləşdirilməsi; 2035-ci ilədək İnkişaf Strategiyasının və 2025-ci ildə təhlükəsizlik sahəsində yeni strukturlarla bağlı imzalanmış sazişlərin praktiki icrası; nəqliyyat, rəqəmsal ticarət, energetika və investisiyalar üzrə konkret layihə qərarlarının qəbul edilməsi”, – deyə o əlavə edib.
Temirlan Razbayev qeyd edib ki, Qırğızıstan üçün bir-biri ilə əlaqəli üç istiqamət prioritet təşkil edir.
“Birinci istiqamət təhlükəsizlikdir. 2025-ci ildə Tyançzində ŞƏT-in Antinarkotik Mərkəzi və təhlükəsizlik sahəsində çağırış və təhdidlərə qarşı mübarizə üzrə Universal Mərkəzin yaradılması ilə bağlı sazişlər imzalanıb. İkinci mərkəzin tərkibinə Bişkekdə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparacaq strukturun daxil olması nəzərdə tutulur. Bu, Qırğızıstana ŞƏT-in ümumi təhlükəsizlik sistemində yalnız siyasi deyil, həm də institusional rol verir.
İkinci istiqamət ticarət və nəqliyyatdır. 2026-cı ilin yanvar-mart aylarında Qırğızıstanın xarici ticarət dövriyyəsinin 31,1 faizi Çinin, 27,1 faizi isə Rusiyanın payına düşüb. Beləliklə, iki ölkənin ümumi payı 58,2 faiz təşkil edib. Buna görə də gömrük prosedurları və logistika sahəsində hətta texniki xarakterli qərarların ölkə üçün birbaşa iqtisadi təsiri var.
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin dəyəri 4,7 milyard dollar qiymətləndirilir. Qırğızıstan ərazisindən keçən hissənin uzunluğu 304 kilometrdən çoxdur. Bu hissədə ümumi uzunluğu təxminən 120 kilometr olan 50 körpü və 29 tunelin tikintisi nəzərdə tutulur. Yəni marşrutun təxminən 40 faizini körpü və tunellər təşkil edəcək.
Üçüncü istiqamət energetika, iqlim və rəqəmsal iqtisadiyyatdır. Məhz bu sahələr həm Qırğızıstanın sədrliyinin rəsmi prioritetləri, həm də Tyançzin sammitinin sənədlərində əsas istiqamətlər kimi müəyyənləşdirilib”, – deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, Azərbaycanın bu istiqamətdə marağı nəqliyyat marşrutlarının gələcəkdə daha da inkişaf etdirilməsi perspektivi ilə bağlıdır. Yeni yük axınlarını Mərkəzi Asiyanın nəqliyyat şəbəkələri və Xəzər dənizi vasitəsilə Orta Dəhlizlə əlaqələndirmək mümkün olacaq. Lakin bu proses avtomatik şəkildə baş verməyəcək. Onun səmərəli həyata keçirilməsi üçün vahid tarif sistemi, əlaqələndirilmiş qrafiklər, rəqəmsal sənədlər və sərhəd-keçid prosedurlarının sürətləndirilməsi tələb olunur.
Xatırladaq ki, ŞƏT 2001-ci ildə yaradılıb və ilkin olaraq Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı birləşdirib. 25 il ərzində təşkilatın üzvlərinin sayı 10 dövlətə çatıb.
ŞƏT-in 26-cı yubiley sammiti Qırğızıstanın sədrliyi ilə avqustun 31-də və sentyabrın 1-də Bişkekdə keçiriləcək. Görüşdə təşkilatın gələcək inkişafı, iqtisadi və nəqliyyat əməkdaşlığının gücləndirilməsi, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri əsas diqqət mərkəzində olacaq.
Sammitin yekunları üzrə liderlərin ŞƏT-in maliyyə və iqtisadi mexanizmlərinin inkişafı ilə bağlı bir sıra sənədləri, o cümlədən milli valyutalarda hesablaşmaların genişləndirilməsi və yeni əməkdaşlıq institutlarının yaradılması ilə bağlı təşəbbüsləri nəzərdən keçirəcəyi gözlənilir.