Bakı. Trend:
26 Avqust – Laçın şəhəri günü tarixi ədalətin bərpasının və Azərbaycanın quruculuq siyasətinin simvoluna çevrilib
Azərbaycanın tarixi şəhərləri sırasında Laçının xüsusi yeri var. Bu şəhərin adı yalnız əsrarəngiz təbiəti, zəngin tarixi və mədəni irsi ilə deyil, həm də Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb yolun mühüm səhifələri ilə bağlıdır. Laçın işğalın ağrılarını yaşayan, lakin Vətən müharibəsinin Zəfəri ilə azadlığına qovuşan və bu gün sürətlə yenidən qurulan şəhərlərimizdəndir.
26 Avqust – Laçın şəhəri günü məhz bu baxımdan adi təqvim günü deyil. Bu tarix Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının, dövlətimizin gücünün və Qarabağda həyata keçirilən Böyük Qayıdış prosesinin mühüm simvollarından biridir.
Laçının şəhər kimi formalaşması ötən əsrin əvvəllərinə təsadüf edir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin adı Laçın olaraq dəyişdirilib və yaşayış məntəqəsinə şəhər statusu verilib. 1930-cu il avqustun 8-də isə Laçın rayonu inzibati ərazi vahidi kimi yaradılıb və rayonun inzibati mərkəzi Laçın şəhəri müəyyənləşdirilib.
1835 kvadratkilometr ərazini əhatə edən Laçın rayonu təbii sərvətləri, zəngin meşələri, yaylaqları, çayları və əlverişli coğrafi mövqeyi ilə Azərbaycanın strateji əhəmiyyət daşıyan bölgələrindən biridir.
Lakin Laçının coğrafi mövqeyi onu yalnız iqtisadi və təbii potensialına görə deyil, hərbi-strateji baxımdan da mühüm əraziyə çevirirdi.
Məhz bu səbəbdən Laçının işğalı Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilən planın ən mühüm mərhələlərindən biri idi.
1992-ci il mayın 18-də Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla Azərbaycan ərazilərinin işğalı prosesində sonrakı hadisələr üçün mühüm coğrafi bağlantı yaradıldı.
Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Şuşa və Laçının itirilməsi sonrakı faciələrin başlanğıcı oldu. Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılması baxımından xüsusi strateji əhəmiyyət daşıyırdı.
İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Rayonun sosial-iqtisadi infrastrukturu, təhsil, səhiyyə, mədəniyyət və istehsal müəssisələri dağıdıldı və talan edildi.
Laçının tarixi-mədəni irsi də Ermənistanın vandalizm siyasətindən ciddi zərər gördü. Onlarla dünya və yüzlərlə yerli əhəmiyyətli tarixi abidə dağıdıldı, rayonun toponimləri dəyişdirildi, təbii sərvətləri istismar edildi.
İşğal dövründə ərazidə qanunsuz məskunlaşdırma siyasətinin aparılması isə beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olundu.
Beləliklə, Laçın yalnız işğal olunmuş Azərbaycan ərazisi deyildi. O, həm də Azərbaycanın tarixi və mədəni irsinə, ərazi bütövlüyünə və demoqrafik strukturuna qarşı həyata keçirilən siyasətin qurbanına çevrilmişdi.
Laçının taleyini dəyişən əsas hadisə 2020-ci ildə baş verdi.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər nəticəsində Ermənistan kapitulyasiya aktı xarakteri daşıyan üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Həmin sənədə əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı.
Lakin Laçın şəhərinin və Zabux, Sus kəndlərinin taleyi bir müddət sonra həll edildi.
2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olaraq həmin ərazilərdə nəzarəti tam təmin etdi.
Bu tarix sonradan xüsusi əhəmiyyət qazandı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günləri təsis edildi və 26 avqust Laçın şəhəri günü elan olundu.
Beləliklə, vaxtilə işğalın başladığı tarixlərin ağrısını yaşayan Laçın bu gün azadlıq və qayıdış günü ilə xatırlanır.
Laçının azad edilməsindən sonra qarşıda duran əsas vəzifə yalnız ərazi üzərində nəzarətin bərpası deyildi. Əsas məqsəd burada həyatı yenidən canlandırmaq, insanların doğma yurdlarına qayıdışını təmin etmək və Laçını müasir şəhərə çevirmək idi.
Bu istiqamətdə həyata keçirilən layihələrin miqyası göstərir ki, Laçının bərpası yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır.
Şəhərin inkişafı üçün yeni Baş Plan hazırlanıb və 2040-cı ilədək inkişaf perspektivləri müəyyənləşdirilib. “15 dəqiqəlik şəhər” prinsipi əsasında planlaşdırılan Laçında yaşayış məhəllələri, sosial obyektlər, məktəblər, xəstəxana, peşə təhsili müəssisələri, mədəniyyət və turizm obyektlərinin yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin Laçında görülən işləri qiymətləndirərkən səsləndirdiyi fikirlər şəhərin gələcək simasını aydın şəkildə ifadə edir:
Bu gün Laçının mənzərəsi artıq bu fikrin praktiki ifadəsinə çevrilir.
Laçının yenidən qurulmasının mühüm xüsusiyyətlərindən biri enerji siyasətidir.
Rayon Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerji konsepsiyasının ən bariz tətbiq olunduğu məkanlardan birinə çevrilir.
Laçında ümumilikdə 9 su elektrik stansiyasının fəaliyyət göstərməsi planlaşdırılır. Bu stansiyaların ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsalı potensialı isə 194 milyon kilovat-saatdır.
Güləbird Su Elektrik Stansiyasından başlayaraq “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli”, “Mirik”, “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” kimi layihələrin reallaşdırılması Laçının enerji potensialını əhəmiyyətli dərəcədə artırıb.
2026-cı il iyulun 11-də Laçında üç yeni su elektrik stansiyasının – “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” SES-lərinin açılışı da bu siyasətin növbəti mərhələsi oldu.
Hazırda rayonun elektrik tələbatının 8-10 MVt təşkil edən hissəsi tamamilə yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkənin enerji sisteminə ötürülür.
Bu, Laçının gələcək inkişaf modelinin yalnız iqtisadi deyil, ekoloji baxımdan da müasir prinsiplər əsasında qurulduğunu göstərir.
Laçının inkişafında yol-nəqliyyat infrastrukturu da mühüm rol oynayır.
Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi regionun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Uzunluğu 75,8 kilometr olan yeni yol mövcud marşrutdan 32,2 kilometr qısa olacaq.
Yol üzərində 17 tunelin və 23 körpünün inşası isə mürəkkəb relyefə malik bölgədə nəqliyyat əlaqələrinin daha sürətli və təhlükəsiz təşkilinə imkan verəcək.
Laçının beynəlxalq əhəmiyyətini artıran əsas layihələrdən biri isə Laçın Beynəlxalq Hava Limanıdır.
2021-ci ildə təməli qoyulan və 2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir və Azərbaycanın ən yüksəkdə yerləşən hava limanıdır.
3000 metr uzunluğunda uçuş-enmə zolağı, müasir terminal infrastrukturu və əlverişli coğrafi mövqeyi Laçın hava limanını təkcə nəqliyyat deyil, həm də turizm baxımından strateji layihəyə çevirir.
Hava limanının Laçın, Şuşa və Kəlbəcərə yaxınlığı gələcəkdə Qarabağın turizm marşrutlarının genişləndirilməsi üçün də ciddi imkanlar yaradır.
Laçında həyata keçirilən layihələrin regional xarakter daşıdığını göstərən ən mühüm nümunələrdən biri “Həkəriçay” su anbarıdır.
2026-cı il iyulun 11-də təməli qoyulan layihəyə əsasən Həkəri çayı üzərində 100 milyon kubmetr tutuma malik su anbarı yaradılacaq.
Layihənin əhəmiyyəti Laçınla məhdudlaşmır. Magistral boru kəməri vasitəsilə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təxminən 700 min insanın keyfiyyətli içməli su ilə təmin olunmasına imkan yaranacaq.
Beləliklə, Laçın yalnız özünün deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun inkişafına xidmət edən mühüm infrastruktur mərkəzinə çevrilir.
Laçının bərpası yalnız dövlət vəsaiti hesabına aparılan tikinti layihələri ilə məhdudlaşmır. Burada yeni iqtisadi ekosistem formalaşdırılır.
Laçın Aqro-Sənaye Parkında ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur. Mebel, yeyinti, yüngül sənaye, balıqçılıq və digər istiqamətlərdə müəssisələrin yaradılması rayon iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir.
Mebel fabriki, prefabrik modul evlərin istehsalı müəssisəsi, heyvan kəsimi məntəqəsi, ayaqqabı fabriki və tikiş fabriki artıq yeni iqtisadi fəaliyyətin formalaşmasının nümunələridir.
Burada diqqət çəkən əsas məqam isə yaradılan iş yerlərinin əhəmiyyətli hissəsinin məhz keçmiş məcburi köçkünlərin məşğulluğuna xidmət etməsidir.
Çünki Böyük Qayıdış yalnız insanların evlərinə qaytarılması demək deyil. Qayıdan insan üçün iş yeri, məktəb, səhiyyə, sosial xidmət, mədəniyyət və istirahət imkanları da yaradılmalıdır.
Laçında həyata keçirilən siyasət məhz bu kompleks yanaşmanı nümayiş etdirir.
Laçının təbii-coğrafi xüsusiyyətləri onun turizm potensialını da xüsusi edir.
“”Laçın” İstirahət Kompleksi”nin yaradılması, Həkəri çayı ətrafında bulvar, göl və istirahət zonalarının salınması, yeni turizm obyektlərinin inşası şəhərin gələcəkdə Qarabağın əsas turizm mərkəzlərindən birinə çevrilməsi üçün baza yaradır.
Təməli 2025-ci ildə qoyulan Laçın kanat yolu da bu konsepsiyanın elementlərindən biridir.
Bununla yanaşı, “Hoçazfilm” yaradıcılıq studiyasının yaradılması Laçının yalnız turizm deyil, kino və audiovizual sənaye baxımından da yeni imkanlar qazanmasına şərait yaradır.
Bütün bu layihələrin mərkəzində isə bir məqsəd dayanır: Laçınlının öz doğma yurduna qayıtması.
2023-cü il mayın 28-də Laçın şəhərinə ilk köçün başlanması Böyük Qayıdışın mühüm mərhələlərindən biri oldu.
31 ildən sonra laçınlılar öz doğma şəhərlərinə qayıtmağa başladılar.
2026-cı ilin iyulunadək Laçın şəhərinə 614 ailənin – 2264 nəfərin daimi məskunlaşması təmin edilib. Zabux kəndinə 217 ailə, Sus kəndinə 59 ailə, Bəylik kəndinə isə 89 ailə köçürülüb.
Bu rəqəmlər sadəcə statistik göstəricilər deyil.
Hər bir ailənin qayıdışı 1990-cı illərdə pozulmuş həyatın yenidən bərpası deməkdir. Hər yeni ev bir ailənin öz doğma torpağında yenidən qurduğu həyatdır. Hər açılan məktəb, bağça və müəssisə isə Laçının gələcəyinin formalaşmasıdır.
Zabux, Sus və Bəylik kəndlərində yaradılan müasir yaşayış və sosial infrastruktur göstərir ki, Böyük Qayıdış yalnız keçmişin bərpası deyil, gələcəyin qurulması üzərində aparılır.
Laçının 2025-ci ildə MDB-nin “Mədəniyyət paytaxtı” elan edilməsi də şəhərin işğaldan sonrakı yeni statusunun göstəricilərindən biri oldu.
Bu qərar Laçının yalnız Azərbaycan üçün deyil, region üçün də mühüm mədəniyyət məkanı kimi potensialını nümayiş etdirdi.
Nizami Gəncəvi, Qarabağ mədəniyyəti, folklor, musiqi və incəsənət ənənələri ilə zəngin olan Laçın artıq öz tarixini yalnız xatırlayan deyil, həmin tarixi yeni mədəni layihələrlə yaşadan şəhərə çevrilir.
26 Avqust – Laçın şəhəri günü əslində bir şəhərin taleyinin timsalında Azərbaycanın son 30 ildən artıq müddətdə keçdiyi yolun ifadəsidir.
İşğal, məcburi köçkünlük, dağıntı və vandalizm illərindən sonra Laçın bu gün yeni mərhələyə qədəm qoyub.
Bu mərhələnin əsas sözləri artıq “işğal” və “itki” deyil.
Bu gün Laçın deyəndə qayıdış, quruculuq, yaşıl enerji, yeni yollar, hava limanı, sənaye, turizm, mədəniyyət və inkişaf anlayışları ön plana çıxır.
Laçının dəyişən siması həm də Azərbaycanın öz gücü ilə yaratdığı yeni reallığın göstəricisidir.
Bir vaxtlar düşmən işğalı nəticəsində həyatın dayandırıldığı şəhərdə bu gün məktəblər, evlər, müəssisələr, yollar, enerji obyektləri və turizm infrastrukturu qurulur. Bir vaxtlar doğma torpağından didərgin salınan insanlar indi həmin torpaqlarda yeni həyat qururlar.
Bu mənada 26 Avqust yalnız Laçının azadlığının ildönümü deyil. Bu tarix Azərbaycanın tarixi ədaləti bərpa etmək və azad edilmiş əraziləri yenidən həyata qaytarmaq iradəsinin simvoludur.
Laçının keçmişi Azərbaycanın yaddaşıdır, bu günü Zəfərin nəticəsidir, gələcəyi isə quruculuğun və Böyük Qayıdışın hekayəsidir.
Və bu gün Laçın artıq yalnız azad edilmiş şəhər deyil.
Laçın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni həyatın ən parlaq nümunələrindən biridir.
Sevil Mikayılova Milli Məclisin deputatı