Bakı. Trend:
Baş prokuror Kamran Əliyev Şəki rayonunda vətəndaşları qəbul edib.
Avqustun 25-də Şəki Rayon Prokurorluğunun inzibati binasında keçirilən qəbulda Şəki, Oğuz, Qəbələ rayonları və Mingəçevir şəhərindən olan vətəndaşlar iştirak ediblər.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qəbuldan əvvəl Kamran Əliyev Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edib.
Qəbul zamanı 28 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, həmçinin mülki xarakterli mübahisələr və sosial problemlərlə bağlı olub.
Qaldırılan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli məqsədilə müvafiq göstərişlər verilib.
Daha sonra Baş prokuror Şəki rayonunda xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan və təmiri başa çatdırılan xidməti mənzillərə baxış keçirib. Zəruri mebel və avadanlıqlarla təchiz edilən mənzillər istifadəyə verilib.
Kamran Əliyev burada yaradılan şəraitlə tanış olub və prokurorluq əməkdaşlarının sosial-məişət təminatının gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Baş prokuror yaradılan şəraitin Prezident İlham Əliyevin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib və buna görə dövlət başçısına təşəkkürünü ifadə edib.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər regionlarda çalışan prokurorluq əməkdaşlarının yaşayış və xidmət şəraitinin yaxşılaşdırılmasına, onların xidməti vəzifələrini səmərəli yerinə yetirmələri üçün zəruri imkanların yaradılmasına xidmət edir.
Prokurorluq əməkdaşlarının sosial təminatının gücləndirilməsi və xidmət üçün zəruri infrastrukturun inkişaf etdirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirilib.





