Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kanada rəhbərliyinin nümayəndələrini kloun adlandırıb və Vaşinqtonla Ottava arasında münasibətlərin ciddi şəkildə pisləşəcəyi ilə hədələyib.
“ABŞ həmişə Kanadadan qat-qat daha böyük, daha zəngin və daha güclü olacaq. Birləşmiş Ştatlar olmadan Kanada mövcudluğunu davam etdirə bilməzdi. Onlar bütün pullarını buradan əldə edirlər”, - deyə ABŞ lideri Truth Social sosial şəbəkəsində yazıb. O, iki ölkə arasında ticarət ziddiyyətlərinin kəskin şəkildə artması fonunda Kanadanın Ontario əyalətinin qubernatoru Duqlas Fordun ABŞ administrasiyasını tənqid edən açıqlamalarını şərh edib.
Bununla yanaşı, Tramp Kanadanın Baş naziri Mark Karniyə də aşağılayıcı ifadələrlə münasibət bildirib və onu “qubernator” adlandırıb.
“Onların bacarıqsız rəhbərliyi, ilk növbədə isə qubernator Karninin rəhbərliyi səbəbindən, <...> onların yaşaması üçün əsas amil olan ABŞ-dan bundan sonra istifadə etmələrinə icazə verilməyəcək”, - deyə ABŞ Prezidenti bildirib.
“Unutmayın ki, Kanadanın əldə etdiyi böyük həcmdə elektrik enerjisi, neft və qaz ABŞ ərazisindən nəql olunur”, - deyə Tramp vurğulayıb.
O, Kanada liderlərini “bu klounlar” adlandırıb. ABŞ Prezidenti əlavə edib ki, onların tezliklə “sıraya qoşulmaları” daha yaxşı olar, əks halda “Kanada üçün nəticələr daha pis olacaq”.
ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir ötən həftə bildirib ki, Ottava Vaşinqtonun fikrincə, sərfəli olan ikitərəfli ticarət sazişindən imtina edib. Bununla əlaqədar olaraq, avqustun 22-dən etibarən Kanadanın müəyyən kateqoriyalı mallarına ABŞ tərəfindən 50 faizlik idxal rüsumları qüvvəyə minib.
Öz növbəsində Karni ABŞ-la ticarət danışıqlarını dayandırmaq qərarına gəldiyini təsdiqləyib. O qeyd edib ki, Ottava cavab rüsumları tətbiq edəcək. Onların sentyabrın 8-dən qüvvəyə minməsi planlaşdırılır.
Bununla yanaşı, Karni ABŞ və Kanada arasında “ticarət müharibəsinin” başladığını vurğulayıb. O, bu müharibənin Vaşinqton tərəfindən başladıldığını bildirib.
Daha sonra Tramp ABŞ-ın 2027-ci il yanvarın 1-dən Kanadadan idxal olunan avtomobillərə, avtomobil ehtiyat hissələrinə və polada 50 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
ABŞ liderinin fikrincə, Kanada xüsusi münasibətlərdən və faktiki olaraq mövcud olan ticarət güzəştlərindən istifadə edərək “illərdir ABŞ-ı soyub”. Lakin ABŞ bundan sonra buna dözməyəcək, deyə ABŞ Prezidenti xəbərdarlıq edib.