Bakı. Trend:
Ağdam rayonunda genişmiqyaslı yanğın hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, yanğın rayonun Abdal kəndi ərazisində başlayıb. İlkin məlumata əsasən, alov təxminən 30 hektar açıq sahəni əhatə edib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili, həmçinin Xocalı rayonundan 1 yanğınsöndürən avtomobili və şəxsi heyət hadisə yerinə cəlb olunub.
Məlumata görə, yanğının baş verdiyi ərazi hələ minalardan təmizlənməyib. Bu səbəbdən yanğınsöndürənlərin əraziyə daxil olması və alovun söndürülməsi istiqamətində işlərin aparılması çətinləşir.
Hazırda yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.