Bakı. Trend:
Cənubi Qafqaz və Mərkəzi Asiyanın geosiyasi xəritəsində baş verən keyfiyyət dəyişiklikləri fonunda Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik müstəvisinə keçməsi regionun gələcək taleyini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində yer alan konseptual məsələlər iki qardaş dövlətin tərəfdaşlıq modelinin ikitərəfli çərçivə ilə məhdudlaşmadığını, bütün Avrasiya məkanında yeni güc mərkəzinin formalaşdığını göstərir.
Milli Məclisin deputatı Kamal Cəfərov mövzu ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, bu müttəfiqlik münasibətləri regionda iqtisadi tərəqqinin təməl sütunudur: “Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə, xüsusən də Özbəkistanla münasibətlərin yeni səviyyəyə çatdırılması təsadüfi xarakter daşımır. Dövlət başçısının müsahibəsində vurğulanan məqamlar göstərir ki, Bakı və Daşkənd arasında qurulan müttəfiqlik sənədləri iki ölkənin tarixi, mədəni və siyasi iradəsinin məntiqi nəticəsidir. Ali Dövlətlərarası Şuranın fəal institusional mexanizm kimi çalışması, ikitərəfli səfərlərin sistemli xarakter alması siyasi dialoqun ən yüksək nöqtədə olduğunu təsdiqləyir. İki ölkənin iqtisadi imkanlarının bir-birini tamamlaması tərəfdaşlığımızı daha davamlı edir”.
Deputat vurğulayıb ki, Bakı və Daşkənd arasında formalaşan çoxtərəfli münasibətlər şəbəkəsi həm də regionun nəqliyyat və logistika xəritəsini yenidən formalaşdırır: “Cənubi Qafqaz və Mərkəzi Asiyanın geosiyasi çəkisi məhz Bakı və Daşkənd kimi aparıcı mərkəzlərin birgə təşəbbüsləri sayəsində artır. Çin-Qırğızıstan-Özbəkistan marşrutunun Orta Dəhlizlə inteqrasiya olunması, habelə yaşıl enerji sahəsində regional birliklərin qurulması Avrasiyanın nəqliyyat və energetika təhlükəsizliyini kökündən dəyişir”.
Kamal Cəfərov nəzərə çatdırıb ki, münasibətlərin digər mühüm sütununu mədəni-humanitar sahədə, təhsildə və vətəndaş cəmiyyəti səviyyəsində qurulan sıx bağlar təşkil edir:
“Azad olunmuş ərazilərin bərpasında Özbəkistanın nümayiş etdirdiyi həmrəylik, təhsil və mədəniyyət mübadiləsinin genişlənməsi, birgə qrant layihələrinin gerçəkləşməsi humanitar sahədə sarsılmaz körpü yaradıb. Bu inteqrasiya həm də Türk Dövlətləri Təşkilatının ümumi gücünə bilavasitə töhfə verir. Azərbaycan və Özbəkistan Türk dünyasının birliyini, ortaq irsin qorunmasını və beynəlxalq platformalarda vahid mövqedən çıxış etməyi özlərinin strateji prioriteti hesab edirlər”.