Bakı. Trend:
Azərbaycan vətəndaşı, səyyah Tatyana Dolivets Rusiyanın Kamçatka bölgəsində bir qrup turistlə birlikdə köməksiz vəziyyətdə qalıb.
Səyyahın özünün sosial media hesabından yaydığı məlumata görə, turistlər Tanqivaşka çayı yaxınlığındakı Kleşnya dayanacağında təcrid olunublar.
Bildirilib ki, güclü sel nəticəsində yolun 30 kilometrlik geri dönüş hissəsi yuyulub, çay məcrasından çıxıb və ərazidən geri qayıtmaq mümkün deyil.
Dolivetsin sözlərinə görə, onun daxil olduğu turist qrupu 16 nəfərdən ibarətdir və onlar “Ural” markalı avtomobildədirlər. Ərazidə ümumilikdə təxminən 100 nəfərin xarici aləmlə əlaqəsinin kəsildiyi bildirilir. Onların arasında Azərbaycanla yanaşı, Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var.
Səyyah qeyd edib ki, turistlərin ərzaq ehtiyatı cəmi bir günə kifayət edəcək.
T.Dolivets həmçinin internet bağlantısının olmadığını, mesajı göndərmək üçün xüsusi olaraq rabitənin mövcud olduğu yeganə yerə getdiklərini bildirib. O, bundan sonra internetə çıxışının olmayacağı üçün göndərilən mesajlara cavab verə bilməyəcəyini də qeyd edib.