Bakı. Trend:
Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə qazandığı dinamika təkcə iki qardaş ölkənin əlaqələrinin inkişafı baxımından deyil, bütövlükdə Türk dünyasında və daha geniş Avrasiya məkanında gedən proseslər baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sözləri Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər də bu münasibətlərin artıq ənənəvi dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə keçdiyini göstərir:
“Hesab edirəm ki, Azərbaycan-Özbəkistan əlaqələrinin ən mühüm xüsusiyyətlərindən biri siyasi münasibətlərin real iqtisadi və humanitar layihələrlə tamamlanmasıdır. Dövlətlərarası münasibətlərdə yüksək səviyyəli dialoqun olması vacibdir, lakin bu dialoqun nəticələrinin konkret layihələrdə öz əksini tapması daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan son illərdə əldə olunan nəticələr iki ölkənin bir-birinin imkanlarını tamamlayan iqtisadi tərəfdaşlar olduğunu göstərir.
Xüsusilə ticarət, investisiya, sənaye və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi gələcək üçün ciddi perspektivlər yaradır. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, ölkələrimizdə həyata keçirilən birgə istehsal layihələri və qarşılıqlı investisiyaların artması iqtisadi münasibətlərin institusional əsaslarının da möhkəmləndiyini göstərir. Bu prosesin əsas üstünlüyü ondan ibarətdir ki, əməkdaşlıq yalnız ayrı-ayrı ticarət əməliyyatları ilə məhdudlaşmır, uzunmüddətli iqtisadi əlaqələr yaradır.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni Şərqlə Qərb arasında formalaşan yeni nəqliyyat marşrutlarında təbii tərəfdaşlara çevirir. Orta Dəhlizin inkişafı, Mərkəzi Asiyanın nəqliyyat imkanlarının Xəzər üzərindən Azərbaycan infrastrukturu ilə əlaqələndirilməsi ölkələrimiz üçün yalnız tranzit gəlirləri deyil, həm də yeni investisiya və istehsal imkanları yarada bilər. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin regional nəqliyyat şəbəkələri ilə əlaqələndirilməsi də bu baxımdan strateji əhəmiyyət daşıyır”.
Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistan münasibətlərinin digər mühüm tərəfi isə Türk dünyasının inteqrasiyası ilə bağlıdır:
“Türk Dövlətləri Təşkilatının imkanlarının genişlənməsi fonunda Bakı və Daşkəndin fəal əməkdaşlığı təşkilat daxilində siyasi, iqtisadi və humanitar əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verir. Məncə, burada əsas məsələ yalnız tarixi və mədəni yaxınlığımızı qorumaq deyil, bu ortaq irsi müasir əməkdaşlıq mexanizmlərinə çevirməkdir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının təmin olunması da bu baxımdan xüsusi diqqətə layiqdir. Azərbaycanın bu platformaya qoşulması Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin daha sistemli xarakter almasına imkan yaradır və ölkəmizin regional əməkdaşlıqda rolunu genişləndirir. Bütün bunlarla yanaşı, münasibətlərin yalnız siyasi və iqtisadi göstəricilərlə ölçülməsi düzgün olmazdı. Təhsil, mədəniyyət, media, turizm, şəhərlərarası əməkdaşlıq və humanitar layihələr xalqlar arasında birbaşa əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu istiqamətlərdə yaradılan əlaqələr dövlətlərarası münasibətlərin daha dayanıqlı və uzunömürlü olmasına zəmin yaradır.
Fikrimcə, Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi gələcək üçün daha böyük imkanların başlanğıcıdır. Qarşıdakı mərhələdə əsas məqsəd əldə olunan siyasi etimadı daha çox iqtisadi layihəyə, daha geniş regional əməkdaşlığa və Türk dünyasının inteqrasiyasını gücləndirən konkret təşəbbüslərə çevirmək olmalıdır. Azərbaycan və Özbəkistanın qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı bu baxımdan yalnız iki ölkə üçün deyil, bütün region üçün yeni əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfə verə bilər”.