Bakı. Trend:
Ukraynanın mərkəzində yerləşən Krivoy Roq şəhərində ticarət mərkəzinə Rusiya pilotsuz uçuş aparatları ilə endirilən zərbələr nəticəsində avqustun 21-də, günün ortasında azı 16 nəfər ölüb, 130 nəfər yaralanıb. Avropa İttifaqı (Aİ) dərhal bundan sonra hücumu «planlaşdırılmış terror» adlandırıb.
İki tərəfin son həftələrdə hücumlarını intensivləşdirdiyi bir vaxtda cümə günü Rusiyanın Ukraynanın bütün ərazisinə endirdiyi zərbələr nəticəsində azı 20 nəfər həlak olub.
Daha sonra cümədən şənbəyə keçən gecə paytaxt Kiyevdə ballistik raketlər bir nəfərin ölümünə səbəb olub. Ukrayna paytaxtının hərbi administrasiyası raketlərin yaxınlaşması barədə xəbərdarlıq elan etdikdən sonra anbarda yanğın baş verdiyini bildirib. Cənubdakı Zaporojye şəhərində isə Rusiya dronunun hücumu nəticəsində bir kişi ölüb, dörd nəfər yaralanıb. Bu barədə regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov məlumat verib.
Dronların ticarət mərkəzini hədəfə aldığı və içəridəki mağazalarda yanğınlara səbəb olduğu Krivoy Roqda xilasedicilər gecə saatlarında da zərərçəkənlərin axtarışını davam etdiriblər. Şəhərin yerləşdiyi Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Qanyaşın sözlərinə görə, son məlumata əsasən, 16 nəfər ölüb, xilasedicilər isə azı 130 yaralının olduğunu bildiriblər. Yaralananlar arasında 23 uşaq var. Qubernatorun sözlərinə görə, gecə saatlarında 63 nəfər xəstəxanada qalmaqda davam edib, onlardan 29-nun vəziyyəti ağırdır. O əlavə edib ki, 2-si uşaq olmaqla, 9 nəfər hələ də itkin düşmüş hesab olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində doğulduğu şəhər olan Krivoy Roqdakı «adi bir ticarət mərkəzinə qarşı tamamilə kinik və mənfur zərbə»ni pisləyib və Moskvaya təzyiqin artırılması çağırışını təkrarlayıb. «Hücum dronları iki dalğa ilə zərbə endirib – ilk zərbədən və yanğının başlamasından yarım saat sonra xilasediciləri hədəf alan ikinci zərbə olub», – deyə o bildirib.
Ukrayna Baş Prokurorluğunun yaydığı fotoda binanın dağıdılmış və alov içində olan hissəsini görmək mümkündür. Fransa Mətbuat Agentliyi tərəfindən həqiqiliyi təsdiqlənməyən videoda gün işığında artıq tüstünün qalxdığı binanın damına dronun çırpılması əks olunub. Şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib ki, məhz Krivoy Roqun «ən böyük ticarət kompleksi» zərbəyə məruz qalıb.
«Bu, planlaşdırılmış terrordur. Rusiya Ukrayna şəhərlərini yaşayış üçün yararsız vəziyyətə salmaq istəyir», – deyə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas axşam saatlarında X sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, bu bombardmanlar Moskvanın apardığı müharibənin «mütləq və tamamilə mənəvi deqradasiyasını» nümayiş etdirir.
Daxili işlər naziri İvan Vıqivski Telegram-da bildirib ki, cümə günü Nikolayev vilayətində ayrıca hücum nəticəsində daha dörd nəfər, o cümlədən üç azyaşlı həlak olub. Hücum mağazada, aptekdə və poçt şöbəsində yanğına səbəb olub.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından dörd il yarım sonra cəbhənin hər iki tərəfində uzaqmənzilli zərbələrin sayı artır. Bu zərbələr logistika anbarları kimi getdikcə daha çox sayda mülki obyektləri hədəfə alır və getdikcə daha çox insanın ölümünə səbəb olur.
İkinci Dünya müharibəsindən bəri Avropada ən qanlı münaqişənin həlli ilə bağlı diplomatik səylər dalana dirənib. Kiyevi dəstəkləyən ölkələri birləşdirən Ukrayna üzrə könüllülər koalisiyası avqustun 24-də, Ukraynanın müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü günündə, bazar ertəsi toplanacaq.
Yelisey Sarayının məlumatına görə, bəzi iştirakçıların şəxsən, digərlərinin isə videokonfrans vasitəsilə qatılacağı toplantıya Fransa Prezidenti Emmanuel Makron (uzaqdan), Almaniya kansleri Fridrix Merts və ilk dəfə yeni Britaniya Baş naziri Endi Börnhem birgə sədrlik edəcəklər. Avropalı bir rəsminin sözlərinə görə, görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir. Çünki lazımi sayda raket- ələkeçiricinin çatışmazlığı səbəbindən ölkə Rusiya zərbələri qarşısında getdikcə daha həssas vəziyyətə düşür.**
XXX
21 avqust, 22:57
Avqustun 21-də Rusiya qoşunları Krivoy Roqdakı ən böyük ticarət mərkəzinə dronlarla hücum ediblər. Hücum zamanı binanın içərisində çoxlu sayda mülki insan olub.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib.
Rusiya ordusu Krivoy Roqdakı "Sonyaçna Qalereya” ticarət mərkəzinə iki dəfə dronlarla hücum edib.
Hava hücumu nəticəsində 14 nəfər həlak olub, daha 121 mülki şəxs yaralanıb.