Bakı.Trend:
ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları səngimək bilmir. Təbii fəlakət səbəbindən bölgədə 150 mindən çox istehlakçı elektrik təchizatından məhrum olub.
TASS-ın bu barədə "PowerOutage" monitorinq resursuna istinadən məlumat yayıb.
Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, elektrik enerjisinin verilməsindəki fasilələr 150 011 yaşayış və kommersiya obyektinə təsir edib. Ən çox elektrik kəsintisi Los-Anceles dairəsində qeydə alınıb. Burada 40 869 istehlakçı elektrik enerjisiz qalıb.
Elektrik enerjisinin verilməsi ehtiyat tədbiri olaraq dayandırılır. "Los Angeles Times" qəzetinin yazdığına görə, ştatda yanğın təhlükəsinin yüksək səviyyədə qalması səbəbindən bir sıra enerji şirkətləri daha yüz minlərlə istehlakçının elektrik enerjisini qabaqlayıcı tədbir kimi kəsmək imkanını nəzərdən keçiriblər.
Qeyd edək ki, Kaliforniyanın cənubunda 15 oktyabr 2026-cı ildə güclü külək və yüksək temperatur fonunda bir neçə meşə yanğını meydana gəlib. Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (CAL FIRE) məlumatına görə, San-Dieqo dairəsindəki Henderson yanğınının sahəsi təxminən 568 hektar, Los-Anceles dairəsindəki Brayson yanğınının sahəsi isə təxminən 81 hektar sahəni əhatə edir.