Bakı. Trend:
Qan xəstəliyi ilə bağlı yaranmış ağırlaşmalar səbəbindən bazar ertəsindən xəstəxanada müalicə olunan 89 yaşlı Norveç kralı V Haraldın müalicəsi davam edir. Kral Harald sentyabrın əvvəlinə planlaşdırılan tədbirlərdəki iştirakını ləğv edir.
Bu barədə cümə günü Kral Sarayı məlumat yayıb.
Avropanın ən yaşlı hökmdarı olan kral hemolitik anemiyadan əziyyət çəkir. Bu xəstəlik qırmızı qan hüceyrələrinin normadan daha sürətlə məhv olması ilə xarakterizə olunur. Kral kortizon müalicəsinin səbəb olduğu maye yığılması ilə əlaqədar bazar ertəsi Oslodakı Milli Xəstəxanaya yerləşdirilib və iki həftəlik xəstəlik məzuniyyətinə çıxarılıb.
"Əlahəzrət Kral müalicəsini davam etdirmək üçün Rikshospitaletdə xəstəxanada qalır", – deyə Saray cümə günü yaydığı açıqlamada bildirib.
Sarayın məlumatına görə, Harald Norveçin mərkəzində yerləşən Tröndelaq bölgəsinə səfərini ləğv edəcək. Rəsmi proqrama əsasən, bu səfər sentyabrın 1-i və 2-si, yəni kralın xəstəlik məzuniyyətinin başa çatmasından sonra planlaşdırılıb. Səfərdə yalnız onun həyat yoldaşı, kraliça Sonya iştirak edəcək.
1991-ci ildə Norveç taxtına çıxan Harald bir neçə ildir səhhəti ilə bağlı müxtəlif problemlər yaşayır, lakin o, taxtdan imtina etmək niyyətində olmadığını bildirib.
Son günlər ailəsinin bir neçə üzvü, o cümlədən oğlu vəliəhd şahzadə Hokon onu xəstəxanada ziyarət ediblər.