Bakı. Trend:
Müstəsna istilik dalğaları ilə yadda qalan son aylarda Avropada artıq 30 mindən çox artıq ölüm qeydə alınıb.
Bu barədə EuroMomo platforması və bir sıra ölkələrin səhiyyə orqanları tərəfindən açıqlanan ilkin məlumatlarda bildirilir.
Avropada ölüm hallarını izləyən EuroMomo platformasının hesablamalarına görə, iyunun ortalarından avqustun ortalarınadək Avropada 32 mindən çox artıq ölüm qeydə alınıb, halbuki yay hələ başa çatmayıb.
Statistik modelinə Şərqi Avropanın bir hissəsi istisna olmaqla, 23 Avropa ölkəsindən daxil olan rəsmi məlumatları daxil edən EuroMomo ayrı-ayrı ölkələr üzrə göstəriciləri açıqlamır. Lakin bir sıra milli səhiyyə orqanları əsasən mayın sonundan avqust ayı ərzində müxtəlif dövrləri əhatə edən ilkin məlumatları dərc edib. Səkkiz ölkə üzrə bu məlumatlar əsasında aparılan hesablamaya görə, Almaniya, Fransa, Belçika, İspaniya, İngiltərə, Niderland, Avstriya və Portuqaliyada ümumilikdə 33 min artıq və ya birbaşa istiliklə əlaqəli ölüm qeydə alınıb.
EuroMomo-nun son həftəlik hesablamalarına görə, avqustun 16-dək olan iki ay ərzində iyunun son həftəsi ən ölümcül həftə olub. Həmin həftə ərzində təxminən 16 min artıq ölüm qeydə alınıb. Onu iyulun ilk həftəsi təxminən 8 min artıq ölümlə izləyib. Bu iki həftə iqlim dəyişmələrinin təsiri ilə ümumi quraqlıq və dağıdıcı meşə yanğınları fonunda bu yay avropalıları bürüyən müstəsna istilik dalğalarından birinə təsadüf edib.
EuroMomo-nun ən son hesablamaları həftələr keçdikcə dəqiqləşdiriləcək və bu, artıq ölüm hallarının ümumi sayının dəyişməsinə səbəb olacaq. Avropa İttifaqının 82 milyon əhali ilə ən sıx məskunlaşmış ölkəsi olan Almaniyada avqustun 9-dək təxminən 14 min nəfər istilik dalğaları səbəbindən həyatını itirib. Robert Kox İnstitutunun məlumatına görə, bu, 2016-cı ildə bu cür hesablamalara başlanıldıqdan bəri ən yüksək göstəricidir. Məlumatına görə, Avropanın digər ölkələrində olduğu kimi, 75 yaş və yuxarı insanlar ən çox zərər çəkən qrup olub.
Fransanın İctimai Səhiyyə Xidmətinin (SpF) hazırladığı artıq ölüm hallarına dair ilkin hesabatda mayın sonu ilə iyulun 22-si arasında qeydə alınan güclü istilər dövründə artıq 7 300 ölüm göstərilir. Bu rəqəmin artacağı gözlənilir, çünki iyulun sonunda başlayan yeni istilik dalğası yalnız bu yaxınlarda başa çatıb.
Belçikada isə əhalinin sayına nisbətdə ilkin göstərici daha yüksəkdir. Milli İctimai Səhiyyə İnstitutu Sciensano-nun saytında verilən məlumata görə, iyunun 18-dən iyulun 17-dək 2 570 əlavə ölüm qeydə alınıb.
AFP-yə açıqlama verən qurumun nümayəndəsi bildirib ki, iyulun 25-dən avqustun 16-dək olan hava şəraiti ilə bağlı məlumatların da daxil edilməsi ilə sentyabr ayında yenilənmiş hesabat təqdim olunacaq.
İspaniyada iyunun 1-dən avqustun 19-dək istiliklə əlaqəli təxminən 4 500 ölüm qeydə alınıb. III Karlos Sağlamlıq İnstitutunun məlumatına görə, bu, 2022-ci ildən bəri həmin dövr üçün rekord göstəricidir.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) may və iyun aylarında İngiltərədə baş verən istilik dalğaları zamanı istiliklə əlaqəli ölümlərin sayını 2 877 olaraq qiymətləndirib. Bu göstərici 2022-ci ilin yayında qeydə alınmış tarixi rekorda – 2 985 ölümə – yaxınlaşır.