Bakı. Trend:
Baş Prokurorluq Rasim Əlövsət oğlu Həsənov barəsində Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən apellyasiya protestinin verilməsi məsələsinə baxacaq.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti Həsənov Rasim Əlövsət oğlu barəsində 18 avqust 2026-cı il tarixli hökmlə bağlı daxil olan sorğulara cavab olaraq məlumat yayıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə isə Rasim Həsənovun əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək ona 7 min manat məbləğində cərimə cəzası təyin olunub. Həbsdə olduğu müddət nəzərə alınmaqla cərimənin məbləği 5 min manata endirilib.
Baş Prokurorluqdan qeyd edilib ki, hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll ediləcək.