Bakı. Trend:
İran hələlik ABŞ ilə müzakirələrin yenidən başlanmasına qərar verməyib.
Bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi paylaşımında bildirib.
“Vasitəçilər, həm Qətər, həm də Pakistan İran və ABŞ arasında mesajları tərəflərə çatdırırlar və İranla sıx əlaqədədirlər. Lakin bu, müzakirə mənasında deyil”, - deyə o qeyd edib.
Əraqçi bildirib ki, İran və ABŞ arasında imzalanan İslamabad anlaşma memorandumunda müharibənin sona çatması qeyd olunmuşdu. ABŞ tərəfi anlaşma memorandumunu pozub və qarşıdurmalar yenidən başlanıb. İranın nəzərində atəşkəs adlı bir məsələ nəzərdə tutulmamışdı ki, onun müddətinin uzadılmasına qərar verilsin. İranın nəzərdə tutduğu müharibənin sona çatması idi. Hazırda isə yeni vəziyyət yaranıb.
İranlı nazir əlavə edib ki, 60 günlük nəzərdə tutulan müddət əslində yekun razılaşmanın əldə olunması məqsədilə müzakirə aparmaq üçün fürsət idi.
“İran və Oman arasında Hörmüz boğazı ilə əlaqədar müzakirələr davam edir. Bu, tamamilə ayrı bir məsələdir. Gəmilərin keçidi üçün Hörmüz boğazında dəniz xətlərinin təyin olunması ilə əlaqədar texniki məsələdir. Əvvəllər mövcud olan istiqamətlərin hazırda yetərli iş mexanizmi yoxdur. Buna əsasən yeni marşrut müəyyənləşməlidir. Hazırda İran və Oman arasında müvəqqəti marşrut planlaşdırılır ki, növbəti mərhələlərdə yekun marşruta çevrilsin”, - deyə o bildirib.
Əraqçi qeyd edib ki, bu proses texnikidir və iki ölkənin mütəxəssisləri arasında aparılır. Silahlı qüvvələr də prosesdə iştirak edirlər. Hər halda bu barədə əsas rəy sahibləri onlardır. Tezliklə nəticənin əldə olunması mümkündür. Lakin yenə vurğulamaq lazımdır ki, Hörmüz boğazının açılması və İranla Oman arasındakı müzakirələr iki ayrı-ayrı məsələdir.
“Bu müzakirələr dəniz marşrutunun təyin olunması ilə bağlı texniki məsələdir. Marşrut təyin olunduğu vaxtda Hörmüz boğazından gəmilərin keçidinə başlanacaq, yoxsa yox? Hörmüz boğazının açılması ABŞ tərəfinin öhdəliklərinə sadiq qalması ilə əlaqədar başqa şərtlərin reallaşmasını tələb edir”, - deyə o bildirib.
Qeyd edək ki, İran ABŞ və İsrailin İrana hərbi hücumlarını əsas götürərək Hörmüz boğazından gəmilərin keçidinə məhdudiyyət tətbiq edib. Buna cavab olaraq ABŞ də Oman dənizində İrana qarşı dəniz blokadası tətbiq edib. Hörmüz boğazı fonunda davam edən gərginlik dünyanın enerji təchizatının 15 faizini təmin edən körfəz ölkələrinin enerji daşıyıcılarını mürəkkəb vəziyyətə salıb.