Bakı. Trend:
Avqustun 14-də Bosniya və Herseqovinanın paytaxtında Sarayevo Milli Teatrında 32-ci Sarayevo Film Festivalının açılışı olub. Səkkiz gün davam edəcək festival çərçivəsində 70-ə yaxın ölkə və regiondan 250-dən çox film nümayiş olunacaq.
Festivalın açılış filmi kimi polşalı rejissor Pavel Pavlikovskinin bu il Kann Film Festivalında dünya premyerasını etmiş "Ata yurdu" (Fatherland) filmi təqdim edilib.
"Sarayevonun qəlbi" mükafatı uğrunda bədii tammetrajlı film, tammetrajlı və qısametrajlı sənədli film, qısametrajlı bədii film və tələbə qısametrajlı filmi olmaqla dörd müsabiqə bölməsi üzrə ümumilikdə 51 film yarışır.
Onlardan 21-i dünya, altısı beynəlxalq, biri Avropa, 23-ü isə regional premyerasını festival çərçivəsində keçirəcək.
Sarayevo Film Festivalının direktoru Yovan Marayanoviç bildirib ki, festival müsabiqə proqramını təkcə ən yaxşı yeni filmlərin seçimi deyil, həm də region kinosunun hansı istiqamətdə inkişaf etdiyini əks etdirən göstərici kimi qiymətləndirir.
1995-ci ildə təsis edilən Sarayevo Film Festivalı zamanla Cənub-Şərqi Avropanın ən mühüm mədəni tədbirlərindən birinə çevrilib.