Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza ilə bağlı planı rədd etməsinə sakit yanaşır və onun bu açıqlamasını seçki kampaniyasının bir hissəsi hesab edir.
Bu barədə "Axios" məlumatlı mənbəyə istinadən xəbər verib.
“Biz Bibinin siyasi ehtiyaclarını başa düşürük. O, xüsusilə Qəzzada hücumların qarşısının alınması ilə bağlı bizim istədiklərimizi yerinə yetirməyə davam etdiyi müddətdə bununla bağlı problemimiz yoxdur”, - deyə nəşrin jurnalisti Barak Ravid ABŞ rəsmisinin sözlərini sitat gətirib.
Onun sözlərinə görə, Netanyahunun ötən həftə Prezident Trampın xüsusi nümayəndəsi Jared Kuşnerlə telefon danışığı olub. Netanyahu skeptikliyinə baxmayaraq, 15 bənddən ibarət plana şans verməyə və Qəzzaya hücumların qarşısını almağa söz verib ki, bununla da sektorun demilitarizasiyası prosesinə başlamaq mümkün olsun.
O qeyd edib ki, İsrail o vaxtdan bəri Qəzzaya heç bir hücum təşkil etməyib və İsrail ordusu tədricən "sarı xətt"ə qayıdır.