Bakı. Trend:
Çinin sıx məskunlaşmış şərq sahilləri bazar günü "Delfin" tayfununun yaxınlaşmasına hazırlaşır. Tayfun səbəbindən 1500-dən çox aviareys ləğv edilib, əhali təxliyə olunur və hakimiyyət orqanları ən yüksək səviyyəli xəbərdarlıq elan edib.
Dövlət televiziyası "CCTV"nin məlumatına görə, bazar günü Şanxayın iki əsas sərnişin hava limanına və onlardan həyata keçirilən təxminən 1400 reys ləğv edilib. Eyni mənbənin məlumatına görə, qonşu Çjetzyan əyalətində yerləşən Xançju hava limanında isə 270 reys ləğv olunub.
Son günlər Yaponiyanın Okinava adasında güclü yağış və küləklərə səbəb olan "Delfin" tayfununun bazar günü gecə və ya bazar ertəsi səhər Çinin Çjetzyan və ya qonşu Futzyan əyalətində quruya çıxacağı gözlənilir.
Tayvanın şimalında bazar günü leysan yağışları və güclü küləklər müşahidə olunduğu üçün onlarla bərə marşrutu dayandırılıb, 180-dən çox aviareys ləğv edilib.
Çinin Milli Meteorologiya Mərkəzi bazar günü səhər tayfunla bağlı ən yüksək səviyyəli – qırmızı xəbərdarlıq elan edib. Mərkəz Çjetzyan əyalətinin mərkəzi və şərq hissəsinin bəzi ərazilərində "son dərəcə güclü leysan yağışları"nın gözlənildiyini bildirib.
Məlumata görə, bazar ertəsi günortaya qədər Şanxayda, eləcə də Futzyan, Anhuy və Tsyansu əyalətlərinin bəzi hissələrində güclü yağıntılar gözlənilir.
"Delfin" tayfunu quruya çıxdıqdan sonra şimal-qərb istiqamətində hərəkət edərək zəifləməlidir. Rəsmi Sinxua agentliyinin məlumatına görə, fırtınanın gəlişindən əvvəl şənbə günü axşam Futszyan əyalətində "riskli ərazilərdən" təxminən 99 min nəfər təxliyə edilib.